...

Azərbaycanda Əhalinin Dövlət Reyestrinin Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi ilin sonunadək tətbiq olunacaq

Siyasət Materials 12 Mart 2009 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda Əhalinin Dövlət Reyestrinin Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin yaradılması işinin tamamlanması və ilin sonunadək tətbiqi nəzərdə tutulub, bu barədə Trend -a Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsini icra edən Mehdi Nəcəfov məlumat verib.

Nəcəfov xatırladıb ki, bu istiqamətdə işlər BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökuməti arasında bağlanmış Saziş əsasında "Azərbaycan Respublikası əhalisinin dövlət reyestrinin formalaşdırılması və inkişafı" layihəsinin ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

200 milyondan artıq fiziki şəxsin birmənalı eyniləşdirilməsinə imkan yaradan və təsadüfi üsulla müvafiq elektron cədvəl əsasında verilən fərdi indentifikasiya nömrəsinin (FİN) strukturunun işlənib hazırlandığını deyən nazirlik rəsmisi bildirib ki, onun təsdiqi üçün müvafiq sərəncam layihəsi Nazirlər Kabinetinə təqdim olunub.

Fərdi identifikasiya nömrəsinin işlənməsində Nazirlər Kabinetinin Sərəncamı ilə müəyyən olunmuş bu vahid kodu istifadə edən digər informasiya sistemlərini aparan müvafiq dövlət qurumları ilə, o cümlədən Daxili İşlər, Vergilər, Səhiyyə, Sosial Müdafiə və s. məsləhətləşmələr aparılmış, rəy və təkliflər nəzərə alınmışdır.

Nəcəfov bildirib ki, ilin sonunadək geniş tətbiqi nəzərdə tutulan fərdi indentifikasiya nömrəsinin verilməsi respublikada fiziki şəxslərin qeydiyyatının "vahid pəncərə" prinsipi əsasında aparılmasına imkan yaradacaq.

Reyestr Xidmətinin rəsmisi Vətəndaşlıq Vəziyyəti Aktlarının Avtomatlaşdırılmış Qeydiyyat Sisteminin məlumatlarının formalaşdırılması işlərinin davam etdirildiyini deyib və bildirib ki, arxivdə olan 4 milyona yaxın sənəd elektron bazaya daxil edilib.

Eyni zamanda  Əhalinin Dövlət Reyestrinin ehtiyat surətinin təşkili üzrə müəyyən tədbirlər həyata keçirilir, Qüvvədən Düşmüş Sənədlərin Dövlət Reyestrinin yaradılması məqsədilə ilə aidiyyatı qurumlarla iş aparılır.

"İlin sonunadək bu reyestrin də yaradılması istiqamətində mühüm addımlar atılacaq", - deyə Nəcəfov bildirib.

BMT-nin İnkişaf  Proqramının Bakıdakı ofisinin rəhbərliyi ilə keçirilən görüşlərdə layihənin, təsdiq olunmuş tədbirlər planına uyğun müvəffəqiyyətlə həyata keçirilməsi qeyd olunaraq, 3-cü mərhələnin müəyyənləşdirilməsi üçün şəraitin yaradılması bərədə vurğulanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti