...

ATƏT Cenevrə diskussiyalarının sonuncu mərhələsindəki irəliləyişi alqışlayır

Siyasət Materials 20 May 2009 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir Е.Оstapenko /

"ATƏT bütün tərəflərin regiondakı konkret təhlükəsizlik tədbirləri və humanitar məsələləri müzakirə etdiyi, Gürcüstandakı durum üzrə Cenevrə diskussiyalarının sonuncu mərhələsindəki irəliləyişi alqışlayır", - ATƏT-in yaydığı press-relizdə deyilir.

"Cenevrə diskussiyalarının beşinci mərhələsinin əsas məqamlarından biri, tərəflərin konkret təhlükəsizlik tədbirlərinin müzakirəsinə başlamasıdır. Biz həm də humanitar məsələlərdə irəliləyirik. Bura həmçinin ATƏT-in xüsusi rol oynadığı su məsələsi də daxildir", - hazırkı ATƏT sədrinin xüsusi nümayəndəsi, səfir Karalampos Kristopulos deyib.

Cenevrə diskussiyalarının beşinci mərhələsi mayın 18-19-da keçirilib.

Bütün iştirakçılar şənbə günü, mayın 16-da Cenevrə diskussiyalarının beşinci mərhələsində Abxaziyanın, BMT Baş katibinin Cənubi Qafqaz üzrə məruzəsinin əvvəlcədən söz verildiyi kimi mayın 15-nə qədər dərc olunmamasına istinad edərək iştirakdan imtina etməsindən sonra danışıqlar stolu arxasına qayıdıblar. Abxaziya özünün bu tədbirdəki iştirakını BMT tərəfindən respublika statusuna yanaşma baxımından qəbul etdirmək istəyirdi. Bazar ertəsi isə Cenevrədəki iclası Cənubi Osetiyadan olan nümayəndə heyəti tərk edib.

Rusiya XİN rəhbəri Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyəti isə, BMT Baş katibindən bu problem barədə yeni məlumatlar almaq ümidilə Qafqaz üzrə məsləhətləşmələrin gedişində çərşənbə axşamına qədər fasilə götürmək qərarına gəlib.

İkigünlük diskussiyalar iki paralael işçi qrupda keçib. Birində regionda təhlükəsizlik və sabitlik, o birisində humanitar, o cümlədən qaçqınlar və məcburi köçkünlərin məsələləri müzakirə olunub.

Kristopulos deyib ki, ATƏT-in himayəsi altında su təchizatının bərpasına nəzarət üzrə vahid komandanın yaradılması ilə bağlı razılıq əldə olunması onu çox sevindirib.

Kristopulos və iki digər həmsədr - BMT-dən səfir Yohan Verbeke və Aİ-dən səfir Pyer Morel - növbəti görüşün iyulun 1-də keçirilməsi haqda iştirakçılarla razılığa gəliblər.

Qafqazdakı durum ətrafında Cenevrə diskussiyalarının keçirilməsinə ehtiyac, Gürcüstandan ayrılan Cənubi Osetiya və Abxaziya regionları üstündə Gürcüstan və Rusiya arasındakı müharibənin bitməsindən sonra yaranmışdı.

Tanınmamış Cənubi Osetiya Respublikasının ərazisindəki hərbi əməliyyatlar ötən ilin avqustunun 8-i gecəsi başlayıb. Gürcüstan ordusu paytaxt Tsxinvaliyə girib. Bir qədər sonra rus qoşunları gürcü hərbçilərini Gürcüstan ərazisinə qədər sıxışdıra bilib. Avqustun 26-da Rusiya Gürcüstanın tərkibinə daxil olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik münasibətlər qurub.

BMT, ATƏT, Aİ, ABŞ, Rusiya, Gürcüstan, Abxaziya və Cənubi Osetiyanın nümayəndələrinin görüşü regionda gərginləşən durumun tezliklə həll olunmasına yönəlib. Diskussiyaların ilk üç mərhələsi heç bir nəticə verməyib.

Fevralın 17-18-də keçirilən Cenevrə diskussiyalarının dördüncü mərhələsi ən məhsuldar olub. Tərəflər ilk dəfə Gürcüstan, Abxaziya və Cənubi Osetiyada baş verən insidentlərin xəbərdarlıq edilməsi və həll edilməsi mexanizmləri üzrə sənədi razılaşdıra biliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti