Azərbaycan, Bakı, 26 may / Trend , müxbir C.Babayeva /
Azərbaycan və Türkiyənin Xarici İşlər nazirlikləri arasında 25-26 may tarixində Bakıda konsulluq məsələlərinə dair növbəti 6-cı məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələr zamanı Azərbaycan və Türkiyədə yaşayan hər iki ölkə vətəndaşlarının hüquqi vəziyyəti, onların qarşılaşdıqları çətinliklərin həlli yolları, xüsusilə Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının vəziyyəti, vətəndaşlarımızın deportasiyası zamanı yaranan problemlər, viza sahəsinə dair məsələlər, insan alverinə qarşı birgə mübarizə müzakirə olunub, çərşənbə axşamı XİN-in yaydığı məlumatda bildirilib.
Həmçinin Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması və Türkiyə vətəndaşlarının Azərbaycan ərazisində yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması kimi vacib məsələlər də müzakirə mövzusu olub.
Müzakirələrdə hər iki ölkənin Daxili işlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Sərhəd, Miqrasiya və Gömrük xidmətlərinin nümayəndələri iştirak edərək müzakirə olunan məsələlərə dair fikir və təkliflərini bildiriblər.
Məsləhətləşmələrin sonunda tərəflər arasında müzakirə olunan məsələlərə dair niyyət protokolu imzalanıb.
Azərbaycan və Türkiyənin Xarici İşlər nazirliklərinin bundan əvvəlki konsulluq məsləhətləşmələri 2006-cı ildə Ankarada keçirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]