...

Müttəkinin FƏTH nümayəndəsi ilə görüşü İranın Fələstin məsələsinə dair mövqeyində yumşaqlıq vəd etmir

Siyasət Materials 22 İyul 2009 09:00 (UTC +04:00)
Müttəkinin FƏTH nümayəndəsi ilə görüşü İranın Fələstin məsələsinə dair mövqeyində yumşaqlıq vəd etmir

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir T.Cəfərov, Ü. Sadıqova /

Fələstin Azadlıq Təşkilatının İsrail ilə müzakirə aparan heyətinin sədri Saib Əriqatın İran rəsmisi ilə ilk görüşü bu ölkənin Fələstinə dair münasibətində heç bir dəyişiklik və yumşalma vəd etmir.

"İranın Fələstin məsələsinə dair mövqeyi həmişə dəyişilməz olaraq qalacaq. Ümumiyyətlə, bu məsələ ilə bağlı hər hansı bir mövqe dəyişikliyi və yaxud yumşaqlıq İranın Ali Təhlükəsizlik Şürasında araşdırılmalıdır", - deyə İranın Milli Maraqlarının Müdafiəsi üzrə Təşkilatın baş katibi Səid Yari   Trend -a bildirib.

Ria- Novosti-nin məlumatına əsasən, İranın xarici işlər naziri Mənuçöhr Müttəki Fələstin Azadlıq Təşkilatının İsrail ilə müzakirə aparan heyətinin sədri Saib Əriqat ilə görüşüb. Görüş üç gün öncə Misirin Şərm əş-Şeyx şəhərində keçirilən Bitərəf Dövlətlər Hərəkatının iclası çərçivəsində baş tutub. Bu, İran rəsmisi və Fələstin Azadlıq Təşkilatı rəsmiləri arasında FƏTH-ın 1994-cü ildə yaranmasından sonra ilk görüşdir. BBC-nin məlumatına əsasən,  İsrail İran və Fələstin rəsmilərinin görüşünü pisləyib.

Ekspertlər bu görüşün İranın Fələstin məsələsinə dair mövqeyində heç bir dəyişiklik vəd etmədiyini bildirirlər.

"Belə görüşlər adi diplomatik görüşlərdir və heç bir mövqe dəyişikliyi vəd etmir", - deyə İordaniyanın Yaxın Şərq Tədqiqatları Mərkəzinin başçısı Cavad Mahmud Əl Həmad Trend -a bildirib.

Əl Həmadın fikrincə, İranın Annapolisdə iştirak etmiş və İsraillə danışıqlar aparmış Suriya ilə möhkəm əlaqələrinin olması, Fələstin və İsrail sülh prosesində fəal iştirak edən Qətər və ABŞ-ın müttəfiqlərindən olan və sülhün qurulmasında yaxından iştirak edən BƏƏ ilə sıx əlaqələrinin olması bütün bu əlaqələrin adi diplomatik əlaqələr olduğunu göstərir. "Bu kimi görüş və əlaqələrin olması İranın Fələstinə dair mövqeyinin dəyişməsi ilə heç bir əlaqəsi yoxdur. Bu adi görüşlərdir", - deyə Əl Hamad bazar ertəsi telefonla İordaniyadan bildirib.

2007-ci il noyabrın 27-də ABŞ-ın təşəbbüsu ilə (Ərəb ölkələri və İsrail ) Fələstin-İsrail münaqişəsinin aradan qaldırılmasına dair Annapolis şəhərində görüş keçirilib. Annapolis ABŞ paytaxtından 50 km məsafədədir və orada ABŞ-ın Baş Hərbi Dəniz Akademiyası yerləşir. Konfransın işində İsrailin Baş naziri Ehud Olmert və Fələstin Prezidenti Mahmud Abbas, BMT-nin Baş katibi Pan Gi Mun, həmçinin bir sıra xarici ölkələrin nümayəndələri iştirak ediblər. Görüşdə İsrail1967-ci ildə olan sərhədlərə qədər geri çəkiləcəyi təqdirdə, sülh bağlanacağı haqda razılaşma əldə olundu. İran isə bunun əleyhinə çıxıb.

Yarinin fikrincə, İranın xarici siyasətində və doktarinasında Orta Şərq və xüsusilə Fələstin ilə bağlı heç bir dəyişiklik olmayıb. O, Müttəkinin FƏTH nümayəndəsi ilə görüşünü təsadüfi adlandırıb. "Qəzzədə baş verən son müharibə və Livana 33 günlük hücumdan sonra İran öz mövqeyində daha da möhkəmləndi. Müttəkinin Əriqatla görüşü təsadüfi və öncədən planlaşdırılmamış görüşdir. Görüşdə hansısa fikirlər səsləndirilibsə də, bu, İranın siyasətinə uyğun olub. Bu görüş heç bir xüsusi mesaj daşımır", - deyə Yari bildirib.

Lakin dəməşqli politoloq Əkrəm Xuzam hesab edir ki, İranda iyunun 12-də keçirilən prezident seçkilərindən sonrakı hadisələr İranın xarici siyasətində dəyişikliklərə gətirib çıxaracaq.  "Fikrimcə, İran HƏMAS-a bir başa dəstəyi dayandırmaq və Fələstin xalqının yeganə qanuni nümayəndəsi kimi FƏTH-la əməkdaşlıq etmək yolu ilə dəyişiklik edə bilər", - deyə Xuzam telefonla Dəməşqdən  Trend -a bildirib.

2009-cu ilin  mart ayında FƏTH administirasıyasının rəhbəri Mahmud Abbas Ramullahda keçirələn mətbuat konfransında, İranı Fələstinin daxili işlərinə qarışmamağa çağırıb. İran HƏMAS hərəkatını və bu hərəkatın İsrailə  arşı silahlı müqavimətini dəstəkləyir. 2006-cı ildə HƏMAS rəhbəri İsmail Haniyə parlament seçkilərində qələbə qazandı və baş nazir oldu. Amma Mahmud Abbas onu rəsmi şəkildə tanımadı. FƏTH və HƏMAS arasında gərginlik və qarşudurma yaşandı. 2007-ci ilin iyun ayında silahlı qarşıdurma nəticəsində HƏMAS təşkilatı FƏTH qüvvələrini Qəzzadan qovaraq bu şəhəri tam nəzarət altına aldı. Qahirədə keçirilən milli danışıqlarda  HƏMAS FƏTH-ın yenidən Qəzzaya qayıtmasına etiraz etdi. FƏTH və HƏMAS Misirin vasitəçiliyi ilə Qahirədə yenidən avqustda görüşəcəklər və görüşdə əsas məqsəd 2010-cu ildə keçirilən seçkilərdən əvvəl Fələstində birləşmiş milli hökumət yaradılmasıdır.

Yarinin fikrincə, İran regionda və beynəlxalq arenada keçirilən iclaslarda fəal şəkildə iştirak edir və həmişə Fələstin xalqının hüquqlarını tam şəkildə qorumaq məqsədi ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirir və məsələnin ədalətli şəkildə həllinə çalışır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti