...

Azərbaycan Prezidenti Naxçıvanda "Badamlı" mineral sular zavodunun açılışında iştirak edib

Siyasət Materials 3 Avqust 2009 16:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Naxçıvan şəhərində "Badamlı" mineral sular zavodunun açılışında iştirak edib.
Azərbaycan Prezidenti Naxçıvanda "Badamlı" mineral sular zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Naxçıvan şəhərində "Badamlı" mineral sular zavodunun açılışında iştirak edib. Məlumatı Azər TAc Dövlət İnformasiya Agentliyi yayıb.

Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, Badamlı təbii mineral suyunun mənbəyi Şahbuz rayonunun Badamlı kəndində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Qida üçün yararlı polietilen borularla zavoda gətirilən su burada süzgəcdən keçirilərək ionlaşdırıldıqdan sonra avtomatik üsulla şüşə qablara (butulka) doldurulur.

Zəngin tarixə malik "Badamlı" zavodu 1947-ci ildən Şahbuz rayonunda fəaliyyət göstərib. Hələ sovet dövründə bu müəssisənin şöhrəti ittifaq miqyasında dolaşırdı. 1970-80-ci illərdə həmin müəssisə yenidən qurulduqdan sonra məhsulun 90 faizi respublikamızdan kənara göndərilirdi. 1990-cı ildə "Badamlı" zavodu yenidən işə salınıb. 2004-cü ildə özəlləşdirilən müəssisə tədricən əvvəlki şöhrətini bərpa edib. "Gəmiqaya Mineral sular" MMC müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat verib. Naxçıvan şəhərində elmi-texniki tərəqqinin ən son nailiyyətləri əsasında yaradılmış yeni zavod rəqabətə davamlı məhsullar buraxmağa başlayıb.

Naxçıvan şəhərində tikintisinə 2008-ci ilin avqustunda başlanmış zavod 2,1 hektar ərazidə yerləşir. Binanın ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetrdir. Müəssisəyə iki boru xətti çəkilib. Qazlı mineral süfrə suyunu Badamlı yatağından nəql edən xəttin uzunluğu 25 kilometr, bu cür qazsız süfrə suyu istehsalı üçün Batabat-Salvartı yaylasından çəkilən boru xəttinin uzunluğu isə 35 kilometrdir.

Diqqətə çatdırılıb ki, zavodda Fransanın məşhur "SİDEL" şirkətinin avadanlığı quraşdırılıb. "SİDEL" mineral suların qablaşdırılması xətlərinin dünyada bir nömrəli istehsalçısıdır. İlkin mərhələdə aparılan marketinq və menecment axtarışları nəticəsində Badamlı suyu Rusiya və bir sıra ərəb ölkələrinə ixrac oluna bilər. Bu barədə artıq ilkin danışıqlar aparılıb. Məhsullar alıcılara şüşə və polietilen qablarda çatdırılır. Qazlı mineral su 0,5, 1 və 1,5 litrlik plastik, qazsız mineral su isə 0,3 və 0,6 litrlik şüşə qablarda buraxılır. Polietilen və şüşə xətlərinin hər birinin saatda istehsal gücü 15 min butulkadır. Hazırda müəssisədə birinci xətdə 62 nəfər çalışır. İkinci xətt işə düşəndə işçilərin sayı 300-ə, zavodun istehsal gücü isə 28 min butulkaya çatacaq.

Zavodun Almaniya avadanlığı ilə təchiz edilmiş laboratoriyaları məhsulun keyfiyyətini nəzarətdə saxlayır. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu "Badamlı" suyuna rəy verib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zavodun məhsullarının nümunələrinə və Badamlı suyunun dadına baxıblar.

Xəbər lenti

Xəbər lenti