Türkmənistan, Aşqabad, 17 avqust / Trend , müxbir H.Həsənov /
Aşqabadda 2010-2015-ci illərdə Türkmənistana yardım göstərilməsi üzrə BMT-nin Çərçivə Proqramı (YUNDAF) - Türkmənistan hökumətinin təşkilatın ölkəyə akreditə olunmuş agentlikləri ilə əməkdaşlığının əsas sənədi imzalanıb.
Mərasimdə BMT-nin bölmələrinin - BMT-nin İnkişaf proqramı, YUNİSEF, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri və milli tərəfdaşlar iştirak edib. Yeni sənəddə narkotiklərin qanunsuz dövriyyəsi, cinayətkarlıq, terrorizm və s. ilə mübarizəyə yönələn layihələrin işlənib hazırlanması və həyata keçirilməsinə diqqət ayrılıb.
Altı ilə nəzərdə tutulan YUNDAF təhsil, səhiyyə, ekologiya, ictimaiyyət və hüquq sahələrini əhatə edir. BMT-nin Türkmənistandakı daimi koordinatoru Riçard Yanq jurnalistlərə bildirib ki, milli maraqların və dövlət inkişafının prioritetlərinin nəzərə alınması ilə Türkmənistanın davamlı inkişafına nail olunmasına yönəlmiş bu proqramın imzalanması "BMT-nin Türkmənistan ilə uzunmüddətli əməkdaşlığı tarixində yeni bir səhifə açır".
Prezident Qurbanqulı Berdimuhammedov sonuncu hökumət iclasında bəyan edib ki, Türkmənistan BMT ilə əməkdaşlığa xüsusi diqqət ayırır. Bütün bu illər ərzində məhsuldar birgə işlərin xüsusi yekunu Aşqabadda BMT-nin preventiv diplomatiya üzrə regional mərkəzinin açılması oldu.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]