Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü vətəndaşların 2009-cu il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Fərmana əsasən, 1991-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cı illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2009-cu il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2009-cu ilin oktyabrın 1-dən 30-dək ehtiyata buraxılır.
Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi tapşırılıb.