Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir A.Huseynbala /
Azərbaycan Parlamentinin deputatları Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentlərinin Aktau şəhərində keçirilən görüşünü Xəzəryanı dövlətlərin gələcək əməkdaşlığı baxımından əhəmiyyətli sayır.
"Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentlərinin Aktau şəhərində keçirilən görüşü Xəzəryanı dövlətlərin gələcək əməkdaşlığı baxımından əhəmiyyətlidir", - şənbə günü Trend -a YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Sentyabrın 11-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentlərinin qeyri-rəsmi görüşü keçirilib. Dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə ediblər.
Mirzəzadə bildirib ki, sammitdə əsasən MDB üzvü olan Xəzəryanı dövlətlərin gələcək əməkdaşlığı müzakirə olunub.
"Bu müzakirələrə birgə layihələr, ticari və iqtisadi yönümdə münasibətlərin inkişafı daxildir. Prezidentlərin bildirdiyi kimi, bu görüşdə Xəzərin statusu ilə bağlı məsələ müzakirə olunmayıb. Yəqin ki, bu mövzu bütün Xəzəryanı dövlətlərin iştirakı ilə keçirilən görüşlərdə müzakirə olunacaq. Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin statusuna dair ümumi razılığa gəlib və bu barədə müqavilə də imzalayıblar. Bu dövlətlər belə addım atmaqla digər ölkələr üçün nümunə göstəriblər", - deyə deputat əlavə edib.
Deputat Zahid Oruc isə Trend -a deyib ki, prezidentlərin iştirakı ilə keçirilən görüş indiyə qədər razılaşdırılmamış məsələlər ətrafında konsensusa imkan verəcək.
"Xəzərin müştərək işlənməsi ilə bağlı problemlərin olması region üçün ən təhlükəli risklər demək idi. Bu görüş onu göstərdi ki, Xəzəryanı dövlətlər problemin həlli üçün yollar axtarışındadırlar. Hesab edirəm ki, Azərbaycanın Xəzər məsələsində seçdiyi modelin qəbul olunması Xəzərdə sülh və təhlükəsizklik üçün çox vacib rol oynayır. Əgər Azərbaycanın addımları olmasaydı, Xəzər ikinci Dağlıq Qarabağ probleminə çevrilə bilərdi", - Oruc əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]