...

Azərbaycanlı deputatlar hesab edirlər ki, müəllimlərin işləməsi üçün tələb olunan yaş həddinin müəyyənləşdirilməsinə fərdi yanaşılmalıdır

Siyasət Materials 17 Sentyabr 2009 12:43 (UTC +04:00)
Azərbaycanlı millət vəkilləri hesab edirlər ki, müəllimlərin işləməsi üçün tələb olunan yaş həddinin müəyyənləşdirilməsinə fərdi yanaşılmalıdır.
Azərbaycanlı deputatlar hesab edirlər ki, müəllimlərin işləməsi üçün tələb olunan yaş həddinin müəyyənləşdirilməsinə fərdi yanaşılmalıdır

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanlı millət vəkilləri hesab edirlər ki, müəllimlərin işləməsi üçün tələb olunan yaş həddinin müəyyənləşdirilməsinə fərdi yanaşılmalıdır.

"Elə yaşlı müəllimlər var ki, cavan müəllimdən daha yaxşı dərs deyir. Bu məsələyə fərdi qaydada yanaşmaq lazımdır. İnsan təcrübə toplayır və bu təcrübədən səmərəli istifadə etdiyi bir dövrdə onu təqaüdə göndərmək düzgün deyil", - cümə axşamı Trend -a Milli Məclisin (Parlament) Elm və təhsil komitəsinin üzvü, millət vəkili Cəmil Həsənli bildirib.

Trend -un arayışı: Azərbaycanda qüvvəyə minmiş "Təhsil haqqında" qanuna əsasən, müəllimlərin işləməsi üçün tələb olunan yaş həddinin müəyyənləşdirilməsi Nazirlər Kabinetinə həvalə olunub. Təhsil naziri Misir Mərdanovun jurnalistlərə bildirdiyinə görə, təqaüd yaşına çatmış müəllimlərin hansı yaşda işdən uzaqlaşdırılması məsələsi hələ aydın deyil. Nazirin sözlərinə görə, təqaüd yaşından sonra dövlət müəllimlərin normal yaşayışını da təmin etməlidir.

Azərbaycanın orta məktəblərində 170 min, dövlət ali məktəblərində 12 450, özəl ali məktəblərdə isə 1 960 müəllim çalışır.

Həsənli hesab edir ki, müəllimlərin yaş həddinin müəyyənləşdirilməsində beynəlxalq təcrübəyə əsaslanmaq lazımdır. "Lakin bu təcrübədə eyni zamanda təqaüdə gondərilən müəllimlərin təminat məsələsi də var. Azərbaycanda müəllimlərin indiki təqaüdlə işdən azad edilməsi şübhəsiz ki, məqsədəuyğun deyil. Təqaüdün həcmi çox azdır", - millət vəkili deyib.

Həsənlinin fikrincə, müəllimlərin yaş həddinin müəyyən edilməsi daha çox vəzifə tutan müəllimlərə şamil olunacaq. "Hesab edirəm ki, bu kriteriyalar elmi idarələrdə rəhbər vəzifə tutanlara, şöbə, kafedra müdirləri və xüsusi pillələrə aid olacaq", - millət vəkili bildirib.

Milli Məclisin (Parlament) Elm və təhsil komitəsinin digər üzvü, millət vəkili Lalə Abbasova isə hesab edir ki, müəllimlərə veriləcək təqaüd onların yaşayışını təmin etməlidir.

"Müəllimlərin yaş həddinin müəyyənləşdirilməsi bir günün işi olmayacaq. Bu bir prosesdir və bir neçə ay və ya il çəkə bilər", - cümə axşamı Trend -a Abbasova bildirib.

Millət vəkilinin sözlərinə görə, bu gün şagirdlərin qarşısında təravətli müəllimlər dayanmalıdır.

"Elə 65 yaşlı müəllimlər var ki, sinifdə ayaq üstə dayanmağa çətinlik çəkir, çox vaxt şagirdlərə daha dolğun biliklər verə bilmir. Əlbəttə, istisna hallar da var. Elə müəllimlər var ki, 70 yaşında onun fiziologiyası və genetikası 70 yaşında belə işləməyə imkan verir", - Abbasova bildirib.

Abbasova hesab edir ki, yaş həddinin müəyyənləşdirilməsi məsələsində onların peşəkarlığı akkreditasiya yolu ilə yoxlanılmalıdır. "Müəllimlər müasir dövrün tələblərinə əsasən işlərini davam etdirməlidirlər. Müasir dövrdə müəllim yaxşı kompüter biliklərinə malik olmalıdır. Ötən əsrdə mövcüd olmuş bazanın üstündə qalmaq olmaz", - millət vəkili deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti