...

Rusiya öhdəlikləri yerinə yetirməli olacaq - Gürcüstan rəsmisi

Siyasət Materials 30 Sentyabr 2009 15:13 (UTC +04:00)

Fransa, Strasburq, 29 sentyabr / Trend , müxbir A.Məhərrəmli/

Tez və ya gec Rusiya öhdəlikləri yerinə yetirməli olacaq. Bu fikirləri çərşənbə günü jurnalistlərə Gürcüstan Parlamentinin birinci müavini və AŞ PA-da Gürcüstan nümayəndə heyətinin üzvü Mixail Maçavariani deyib.

"Hesab edirəm ki, ərazi bütövlüyü məsələsi Azərbaycan üçün də ciddi və əsas məsələdir, çünki sənəddə ərazi bütövlüyü məsələsi, hərbi birləşmələrin işğal etdikləri əraziləri tərk etməsi faktı xüsusi qeyd olunur. Bu, çox önəmli məsələlərdir. Fikirmcə, AŞ PA bu mövqeyi ilə də  əvvəlki ruhunu qoruyub saxlayıb. Avropa Şurasının ruhu istər bir il, istərsə də altı ay bundan əvvəl olduğu kimi tamamilə saxlanıldı. Əsas olan budur ki, Avropa parlamentariləri yenidən xüsusilə qeyd etdilər ki, Rusiyanın AŞ-nin qəbul etdiyi öhdəlikləri yerinə yetirməsi vacibdir və bu günə kimi də bu öhdəliklərin yerinə yetirilməməsi onlarda təəssüf hissi doğurur. Bu gün AŞ PA-nın qəbul etdiyi 1633 və 1647 saylı qətnamələrində Rusiyanın öhdəliklərinə əməl etməməsi aydınlıqla qeyd olundu", - deyə gürcü deputat qeyd edib.

O, əlavə edib ki, rusların AŞ-nin fikirlərini "qulaqardına" vurması dözülməzdir, çünki bu, AŞ PA-da təmsil olunan digər nümayəndə heyətləri üçün pis örnək ola bilər. Hazırda Rusiya nəinki 1633 və 1647 saylı qətnamələri yerinə yetirmir, hətta AŞ-nin digər dəyər və təməl prinsiplərinə riayət etmir.

O, Rusiya nümayəndə heyətinin qətnamə ilə bağlı dəyişikliklər irəli sürmədiyini bildirib. "Yeri gəlmişkən, Rusiya nümayəndə heyəti qətnamə ilə bağlı dəyişikliklər irəli sürməyib, onların yerinə digərləri, o cümlədən Avropa Demokratları qrupunun sədri, Böyük Britaniyadan olan deputat David Wilshire dəyişikliklər irəli sürüb. Bu unikal bir vəziyyətdir. Rusiya tərəfinin dəyişiklikləri yoxdur və onlar müzakirələrdə dırnaqarası fəal iştirak etmirlər", - deyə Maçavariani qeyd edib.

"Ümid edirik ki, qəbul ediləcək qətnamə irəli atılmış yeni bir addım olacaq", - deyən Maçavariani müzakirələrin düzgün və önəmli olduğunu vurğulayıb.

 "Berlin divarı bir gündə dağılmayıb və bu gün Medvedev-Putin cütlüyü simasında yeni bir Berlin divarı yaranıb. Hesab edirəm ki, biz bu divara qarşı demokratik yolla hərəkət etməliyik. Vaxtında Berlin divarını da yıxan məhz demokratiya olub. Biz də bu gün bu yoldan istifadə etməyi qərara almışıq. Ola bilsin bu uzun bir yol olsun, amma əminəm ki, damla-damla olsa belə, bu ən düzgün və əminli bir yoldur. Biz bu istiqamətdə getməliyik. Tez və ya gec, Rusiya öhdəlikləri yerinə yetirməli olacaq", - deyə gürcü millət vəkili bildirib.

Gürcüstan-Rusiya müharibəsi ilə bağlı müzakirələr günün ikinci yarısında davam etdiriləcək. Müzakirələrin sonunda qətnamə layihəsinin qəbul edilməsi gözlənilir.



Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti