...

Türk dünyası beynəlxalq siyasətdə böyük rol oynamalıdır – Qırğızıstan Prezidenti

Siyasət Materials 4 Oktyabr 2009 13:30 (UTC +04:00)
Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev hesab edir ki, türk dünyası beynəlxalq siyasətdə böyük rol oynamalıdır Bu bəyanatı Bakiyev şənbə günü Azərbaycanın Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX sammitində çıxışı zamanı bəyan edib, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Türk dünyası beynəlxalq siyasətdə böyük rol oynamalıdır – Qırğızıstan Prezidenti

Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev hesab edir ki, türk dünyası beynəlxalq siyasətdə böyük rol oynamalıdır Bu bəyanatı Bakiyev şənbə günü Azərbaycanın Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX sammitində çıxışı zamanı bəyan edib, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

"Türk dünyası beynəlxalq siyasətdə böyük rol oynamalıdır. Hazırda Qırğızıstan ilə türkdilli dövlətlər arasında həll olunmayan məsələlər yoxdur. Çünki müstəqillik illərində siyasi, iqtisadi, ticari, elmi-texniki və mədəni-humanitar əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Ümumi dəyərlərə arxalanaraq və təcrübədən yararlanaraq, ölkələrimizdə sabitliyin təmin edilməsinə öz töhfəmizi verə bilərik. Onu da qeyd etmək vacibdir ki, ölkələrimiz arasında parlamentlərarası əlaqələr də möhkəmlənməyə və təkmilləşməyə başlamışdır. Bu da səmimi xarakter daşıyır. Bakı şəhərində sentyabrın 28-29-da Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci iclası buna sübutdur", - Qırğızıstan Prezidenti bildirib.

Bakiyevin sözlərinə görə, Qırğızıstanın türkdilli dövlətlərlə ümumi, tarixi, mədəni və dil birliyinə arxalanan əlaqələri səmimi və etibarlı xarakter daşıyır. "Ölkəmiz bütün məsələlərdə qardaşlıq, bərabər hüquqluluq, qarşılıqlı hörmət əsasında fəal iştirak edir. Bu, artıq sayca doqquzuncu sammitdir. Türkdilli ölkələrin dövlət başçılarının, liderlərinin forumu çərçivəsində əməkdaşlığımız üçün bizim artıq böyük təcrübəmiz, potensialımız və imkanlarımız vardır.

Vaxt göstərmişdir ki, bizim tərəfdaşlığımız, ilk növbədə, hər bir ölkənin maraqlarının və məqsədlərinin uzlaşması sayəsində davam edir. Bu da bizim uzunmüddətli əməkdaşlığımızın tələblərinə uyğundur. Türkdilli dövlətlərin mənafelərinin yaxınlığı həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə əməkdaşlığa xidmət edir. Bugünkü müzakirələr qloballaşma və dinamik dəyişən presedentlər şəraitində qarşılıqlı və faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi zərurətini təsdiq edir", - Qırğızıstan Prezidenti deyib.

Bakiyev hesab edir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş türkdilli dövlətlərin birləşməsi üçün nadir şans verir. "Mən əminəm ki, belə bir təşkilatın yaradılması bizim həmrəyliyimizi möhkəmləndirəcək və bu da hərtərəfli münasibətlərin inkişafına təkan verəcəkdir", - Qırğızıstan Prezidenti bildirib.

İqtisadi əlaqələrdən danışan Bakiyev deyib ki, bu sahədə əməkdaşlıq getdikcə inkişaf edir. "Biz bu məsələyə diqqətimizi azaltmamalıyıq və ticari-iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün tədbirlər görməliyik. Bu mənada bütün ölkələrin potensialını nəzərə alaraq, Qırğızıstan Respublikası iri iqtisadi layihələrin, xüsusilə də energetika, nəqliyyat və turizm sahəsində böyük layihələrin yaradılmasında ümumi səylərimizin möhkəmlənməsini təklif edir. Bu istiqamətlərdə ümumi layihələrin icra edilməsi bizim ümumi ticarət dövriyyəmizi artıracaq və ixrac-idxal strukturunu genişləndirəcək, ölkələrimizin investisiya imkanlarını bir araya gətirəcəkdir.
Unutmamalıyıq ki, bizim insanların mentaliteti, bizim keçmişimiz və gələcəyimiz, tarixin dərki və xalqlarımızın dünya mədəniyyətinin xəzinəsinə töhfə verdiyi mənəvi dəyərlərin anlaşması ilə müəyyən edilir", - Qırğızıstanın dövlət başçısı deyib.

Bakiyev türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə TÜRKSOY təşkilatının rolunu müsbət qiymətləndirib. "Bu təşkilat cari ilin sentyabrında Ankarada və Bakıda Qırğız Milli Akademik Opera və Balet Teatrının ifasında Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəylinin "Koroğlu" operasının beynəlxalq premyerasını təşkil etmişdir", - dövlət başçısı bildirib. Qırğızıstanın dövlət başçısı terrorçuluq, dini ekstremizm və narkotiklərin qanunsuz dövriyyəsi kimi transsərhəd təhdidlərə qarşı birgə mübarizədə türkdilli dövlətlər arasında əməkdaşlığın rolunu qeyd edib. "Bu mənada mən sizə məlumat vermək istəyirəm ki, 2009-cu ilin sentyabrında Bişkek şəhərində türkdilli dövlətlərin xüsusi xidmət idarələrinin növbəti - XII konfransı keçirilmişdir. Biz bu konfransda terrorçu qruplaşmaların müəyyən olunması və onların məhv edilməsi sahəsində birgə fəaliyyətimizi müzakirə etmişik", - Bakiyev deyib.
Bakiyev zirvə görüşünün nəticələrinin sülhün, sabitliyin və regionda təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcəyinə əminliyini vurğulayıb.
Qırğızıstan Prezidenti çıxışının sonunda bundan sonra türkdilli ölkələr arasında əməkdaşlığın daha da artacağına, Azərbaycanda keçirilən bu zirvə görüşünün isə səmərəli nəticələr verəcəyinə əminliyini bildirdi.

Xəbər lenti

Xəbər lenti