...

Türkiyə regionun super gücünə çevrilir - Trend News-un icmalçısı

Siyasət Materials 19 Noyabr 2009 12:06 (UTC +04:00)
Türkiyə regionun super gücünə çevrilir - Trend News-un icmalçısı

Rufiz Hafizoğlu - Trend Yaxın Şərq redaksiyasının rəhbəri

Son günlər dünya mediasında ən çox yer alan mövzulardan biri də Ankaranın xarici və daxili siyasətində əsasli islahatların aparılması və mövcud problemlərin həlli istiqamətində atılan addımlardır.

Aparılan islahatlardan biri də, 2009-cu ilin mayında Türkiyə Xarici Siyasət İdarəsinin Əli Babacandan daha təcrubəli və ideoloji baxımdan Türkiyədəki Milli Görüş hərakatına bağlı olan, keçmiş baş nazir Nəcməddin Ərbakanın yetirməsi olan Əhməd Davudoğluna keçməsi idi. Bu gün Türkiyə hakimiyyətinin qonşu dövlətlərlə qurmağa çalışdığı "sıfır problem siyasəti" məhz Davudoğlunun dəsti xətti ilə hazırlanmış bir siyasətdir. Xarici siyasət idarəsinin Davudoğluna təhvil verilməsindən sonra isə ölkənin xarici siyasətində daha böyük canlanma hiss olunmağa başladı. Anakara ilk növbədə prioritet olan qonşu dövlətlərlə və xüsusən də ərəb dövlətləri ilə əlaqələrini bərpa etməyə başladı, Baltikyanı dövlətlər, Yaxın Şərq və Qafazla bağlı siyasətinə yenidən nəzər saldı.

Bütün bunlarla yanaşı, Türkiyə Avropa İttifaqına üzv olması istiqamətində aparılan danışıqlarda öhdəliklərini daha aktiv yerinə yetirməyə başladı. Ankara qarşısında qoyulan tələblərdən biri də ölkədə demokratiya sahəsində islahatların aparılması idi. Türkiyə AKP-nin hakimiyyətinə qədər əsaslı demokratik islahatların şahidi olmamışdı və aparılan islahatlara sözün əsl mənasında Türkiyənin ehtiyacı var idi. Lakin bu islahatlar ölkənin Aİ-yə üzvlüyü üçün deyil, regionun super gücünə çevrilməsi üçün və AKP-nin həqiqətən də hər zaman xalqın yanında olduğunu göstərmək üçün edildiyi ehtimal olunur. Çünki Türkiyə Aİ qarşısında üzərinə götürdüyü bütün öhdəlikləri demək olar ki, yerinə yetirsə də, Aİ ölkəyə qarşı ikili standartlar tətbiq edirdi. Türkiyənin böyük potensial sahibi olmasına baxmayaraq, bəzi Avropa ölkələri rəhbərləri Ankaranı bu qurumda tam hüquqlu üzv görmək istəmirdilər. Fransa Prezidenti Nikola Sarkozi və Almaniya kansleri Angela Merkel Aİ-yə üzvü olan ölkələrin əksəriyyətinin Türkiyənin bu quruma qəbul edilməsinin əleyhinə olduğunu bildirmişdilər.

Bu çıxışlara cavab olaraq Baş nazir Rəcəb Tayyib Ərdoğan Aİ-ni ölkəsinə qarşı tutduğu mövqeyə görə sərt tənqid edərək, Türkiyəsiz Aİ-nin "Xristian klubu" olduğunu da bildirmişdi.

Bütün bunlara baxmayaraq, Türkiyə Aİ-yə "üzv olmaq üçün" islahatlara davam etdi.

Lakin ölkə Prezidenti Abdullah Gül də Fransaya səfəri zamanı maraqlı bəyanatla çıxış edərək, bəlkə də gələcəkdə Türkiyənin Aİ-yə üzvlükdən imtina edəcəyini və Norveçin yolu ilə gedəcəyini bildirdi.

Bütün bunlar Türkiyənin gec-tez Aİ-yə qarşı yeni alternativ bir qurum yaradacağının başlanğıcı kimi qiymətləndirilə bilər. Lakin Türkiyənin Aİ-yə alternativ bir ittifaq yatması Ankara üçün bir o qədər də əlverişli olmaz. Ankara isə regionda sözün əsl mənasında super gücə çevrilmək və bununla da Aİ-nin ona qarşı tətbiq etdiyi ikli standartlardan yaxa qurtarmaq niyyətindədir. Bunun üçün isə Ankaranın yetərincə potensialı var və ölkənin yürütdüyü xarici siyasət bunun yaxın bir zamanda reallaşacağını söyləməyə əsas verir.


Türkiyənin regiona və xüsusən də Yaxın Şərqə yönəlik siyasətində əsaslı dəyişiklik 2008-ci ildə regionun super gücü olan İsrailin Qəzzədə keçirdiyi hərbi əməliyyatlardan sonra başladı. Qəzzə hadisələrində Türkiyənin "yaxşı dost səhvi üzə deyər" prinsipini əsas gətirərək baş verənlərə rəsmi sərt mövqe bildirməsi ölkələr arasında əlaqələrin soyumasının başlaması ilə nəticələndi.

Türkiyənin Konya şəhərində, İsrail- ABŞ-Türkiyə üçtərəfli hərbi təlimlərin Ankara tərəfindən, xalqın istəyi ilə təxirə salınması isə İsrailin regionda ABŞ-dan ona daha yaxın olan Türkiyə kimi "müttəfiqdən" bir az da uzaqlaşması və meydanda tək qalması ilə nəticələndi.

Tel-Əviv-Ankara əlaqələrinin qeyri-rəsmi də olsa korlanması, daha əvvəllər pozulmuş və gərgin olan türk-ərəb münasibətlərinin bərpası üçün isə təkan oldu.

Rəsmi olaraq Ankara sadiq müttəfiqi olduğu İsrailin hər zaman terroru dəstəkləməkdə ittiham etdiyi Suriya ilə münasibətlərini normallaşdırdı və iki ölkə arasında olan viza rejimi ortadan qaldırıldı. Təbii ki, rəsmi Dəməşq də Türkiyə və demək olar ki, bütün region dövlətləri üçün təhlükə olan PKK probleminin həllində köməklik göstərəcəyini bildirdi.

Ankara-Bağdad münasibətlərinə gəlincə isə, bu, Ankara üçün həyati əhəmiyyətlidir. Çünki ölkələrarası münasibətlərin yaxşılaşması və Türkiyədə aparılan demokratik açılım siyasəti PKK terrorunun qarşısının alınmasında çox önəmlidir.

Bütün bunlarla yanaşı, Ankara-Bağdad əlaqələrinin yeni müstəviyə sövq edilməsi ilə, Türkiyə İraqda ABŞ qoşunlarının çıxmasından sonra gözlənilən yeni vətəndaş müharibəsinin qarşısını almış oldu. Təbii ki, ehtimal olunan müharibənin qarşısının alınmasında Ankaranın İraqdakı bütün siyasi qüvvələrlə əlaqələrinin yaxşı olması faktı da danılmazdır.

Bütün bunlardan əlavə isə, İraqdakı kürdlərin də ərəb dünyasından çox Türkiyəyə meyl etməsi faktoru var. Bir vaxtlar Türkiyəyə qarşı barışmaz mövqe nümayiş etdirən İraqın kürd administrasiyasının daha sonra Ankaraya qarşı fərqli mövqe sərgiləndiyinin də şahidi olmaq olar. Belə ki, kürd administrasiyasının lideri Məsud Bərzaninin köməkçilərindən olan Fuad Hüseynin maraqlı bəyanatla çıxış edərək, İraq şiələrinin İrana, sünnilərib ərəb dünyasına yönəldiyini, kürdlərin isə Türkiyə ilə ittifaq yaratmaq məcburiyyətində olduqlarını bildirdi. Bu bəyanatdan sonra isə administrasiyada adının açıqlanmasını istəməyən kürd rəsmisi oxşar bəyanatla çıxış edərək, müstəqilliyin iraq kürdlərinin haqqı olduğunu, lakin bu baş tutmayacağı təqdirdə, yeganə çıxış yolu kimi Mosul vilayətinin Türkiyə ərazisinə qatılmasını və beləliklə də kürdlərin Türkiyə vasitəsi ilə Aİ-yə çıxışının mümkünlüyünü bildirdi.

Təbii ki, rəsmi Ankaranın bu faktdan faydalanmaq imkanı olsa da, Türkiyənin İraqın ərazi bütövlüyünü təhlükə altına atacaq addım atması mümkün deyil. Ən real çıxış yolu isə Bağdadın razılıq verəcəyi təqdirdə, bu regionda azad iqtisadi zonanın yaradılmasıdır. Belə bir zonanın yaradılması isə, istər-istəməz Türkiyənin Kərkükdəki nəhəng ehtiyatlar da daxil olmaqla, İraqın şimal ərazilərində mövcud neft və təbii qaz ehtiyatlarını birbaşa əldə etmək imkanına malik olmasına səbəb olacaq ki, bu da Kərkükün dolayı yolla Türkiyənin nəzarətinə keçməsi ilə nəticələnəcək.

Ankaranın xarici siyasətində qərb və islam dünyası arasında balansli siyasət yütməsi və əldə olan bütün imkanlardan maksimum faydalanmaq istəyi, Türkiyənin gec-tez regionun super gücünə çevriləcəyini söyləməyə əsas verir.

Xəbər lenti

Xəbər lenti