...

Azərbaycanda uşaq hüquqlarının qorunmasında Heydər Əliyev Fondunun rolu böyükdür - azərbaycanlı deputat

Siyasət Materials 20 Noyabr 2009 16:47 (UTC +04:00)
"Bunu Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində daha aydın görə bilərik", - Trend News-un məlumatına görə, cümə günü BMT-nin uşaq hüquqları Konvensiyasının qəbul olunmasının 20 illiyi ilə bağlı keçirilən Milli Məclisin xüsusi iclasında millət vəkili Qənirə Paşayeva bildirib.
Azərbaycanda uşaq hüquqlarının qorunmasında Heydər Əliyev Fondunun rolu böyükdür - azərbaycanlı deputat

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı uşaq hüquqlarının qorunmasında qeyri-hökumət təşkilatlarının böyük rolu olduğunu qeyd edib.

"Bunu Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində daha aydın görə bilərik", - Trend -un məlumatına görə, cümə günü BMT-nin uşaq hüquqları Konvensiyasının qəbul olunmasının 20 illiyi ilə bağlı keçirilən Milli Məclisin xüsusi iclasında millət vəkili Qənirə Paşayeva bildirib.

Paşayevanın sözlərinə görə, Mehriban Əliyeva bu layihələri ilk növbədə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı harada problemlərin olduğunu çox aydın şəkildə təsbit etdikdən sonra həyata keçirir.

"Uşaqlar üçün ən böyük məsələlərdən biri yaxşı təhsil almaq hüququdur. Bunun təmin edilməsi üçün Azərbaycanda Mehriban Əliyevanın təşəbbüsü ilə 300 yeni məktəb binası tikilərək istifadəyə verilib. Bu isə on minlərlə uşağın yaxşı təhsil alması hüququnun reallaşmasına imkan yaradır", - millət vəkili əlavə edib.

Paşayeva deyib ki, Azərbaycanda uşaq hüquqları sahəsində ən ciddi problemlərdən biri valideyn himayəsindən məhrum olan uşaqların məsələsidir.

"Mehriban Əliyeva həmişə vurğulayır ki, bu, bizi xüsusilə narahat etməlidir. Çünki 20 mindən artıq uşaq bu gün valideyn himayəsindən məhrum edilib. Onların çox yaxşı şəraitdə böyüməsi, normal səviyyədə cəmiyyət üçün yetişməsi üçün 31 uşaq evi və internat məktəbi ən yüksək səviyyədə təmir edilərək yenidən qurulub", - Paşayeva vurğulayıb.

Paşayeva xatırladıb ki, Mehriban Əliyeva həmişə uşaq evlərinə verilən uşaqların sayının azaldılmasına da xüsusi diqqət yetirir.

"Mehriban Əliyeva daima bildirir ki, uşaq evlərindən uşaqların ailələrə köçürülməsi sahəsində işlərimizi çox sürətləndirməliyik. Mən inanıram ki, biz bu istiqamətdə fəaliyyətimizi daha da artıracağıq", - millət vəkili deyib.

Onun fikrincə, bu gün uşaq hüquqları sahəsində problemlərimizdən biri də uşaq evlərində böyüyən uşaqların 18 yaşına çatdıqdan sonra haraya gedəcəkləri ilə bağlıdır.

"Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond artıq bir nümunə göstərərək 1 saylı uşaq evinin nəzdində 50 mənzilli yaşayış binası və bir sıra regionlarda yataqxanalar istifadəyə verib. Biz inanırıq ki, bu uşaqların gələcəyi ilə bağlı proqramlar daha da sürətlənəcək", - Paşayeva bildirib.

Millət vəkilinin sözlərinə görə, Fond 11 uşaq bağçasını yüksək səviyyədə təmir edib.

"Bundan başqa, bizim uşaq hüquqları ilə bağlı ən ciddi məsələlərimizdən biri fiziki qüsuru olan uşaqlarla bağlıdır. Fond artıq kor və görmə qabiliyyəti zəif olan uşaqlarla bağlı Mehriban Əliyevanın təşəbbüsü və tapşırıqları ilə çox böyük işlər görüb. Həmin uşaqların normal təhsil alaraq gələcəkdə cəmiyyətə inteqrasiya imkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilib", - o vurğulayıb.

Paşayevanın fikrincə, narahatlıq doğuran digər məsələ diabetli uşaqların sayının artmasıdır.

"Belə uşaqlara qayğı göstərilməsi, onların hüquqlarının təmin edilməsi istiqamətində həm dövlət proqramları həyata keçirilir, həm də qanunverici orqanda müəyyən məsələlər öz həllini tapır. Eyni zamanda, Fond tərəfindən 2004-cü ildən diabetli uşaqlara ən yüksək qayğı layihəsi çərçivəsində qeydiyyatda olan 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin və şpris-qələmlə təmin edilib", - millət vəkili vurğulayıb.

Paşayeva Azərbaycanda talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqların sayının artmasının da ciddi narahatlıq doğurduğunu qeyd edib.

"Fondun rəhbərinin təşəbbüsü və təşkilatçılığı ilə onlar üçün ən yüksək səviyyədə mərkəz qurulub. Bu mərkəz təkcə talassemiyadan əziyyət çəkən uşaqlarla məşğul olmayacaq, Mehriban Əliyeva dəfələrlə vurğulayıb ki, bizim üçün ən vacibi talassemiyadam əziyyət çəkən uşaqların sayının artmasının qarşısının alınmasıdır. Bundan başqa, Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi istifadəyə verilib. Çoxlu sayda tibb ocaqları, uşaq müalicə-profilaktika müəssisələri yenidən qurulub, müasir avadanlıqlarla təchizatı həyata keçirilib", - millət vəkli xatırladıb.

Millət vəkili Azərbaycanda on minlərlə uşağın Ermənistanın təcavüzü nəticəsində əziyyət çəkdiyini də xüsusi qeyd edib. "Amma çox təəssüf ki, beynəlxalq təşkilatlar etiraz səslərini eşitmirlər. Biz onları bu məsələlərin beynəlxalq aləmdə qaldırılmasına çağırırıq", - Paşayeva deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti