...

Azərbaycanın daxili işlər naziri Avropa Şurasının insan hüquqları üzrə komissarını qəbul edib

Siyasət Materials 4 Mart 2010 19:32 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul edib. Bu barədə Trend News-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın daxili işlər naziri Avropa Şurasının insan hüquqları üzrə komissarını qəbul edib

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul edib. Bu barədə Trend -a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasından danışan nazir qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.

"Məhz bunun nəticəsidir ki, ötən əsrin 90-cı illərinin ikinci yarısında Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı ilə polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən qanunvericilik bazası təkmilləşdirildi, demokratik dəyərlərə söykənən bir sıra normativ aktlar və yeni qanunlar qəbul edildi. Polisin fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana çəkildi. Bununla yanaşı, Avropa Şurası ekspertləri tərəfindən Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsilin təşkilinə dair "Azərbaycan Respublikasında polis kadrlarının hazırlanmasının qiymətləndirilməsi" mövzusunda hazırlanmış məruzə-hesabatına əsasən təqdim edilmiş tövsiyələr nəzərə alınaraq, insan hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin və beynəlxalq hüquqi aktların müddəalarının daha dərindən öyrənilməsi məqsədilə Akademiyada "İnsan hüquqları" üzrə xüsusi kurs təşkil olunub, eyni məqsədlə ingilis dilinin tədrisi daha da genişləndirilib", - nazir deyib.

Nazir bildirib ki, Avropa Şurasının "Polis və insan hüquqları" proqramı çərçivəsində hazırlanmış "İşgəncələrə qarşı Komitə haqqında nə bilirsiniz" adlı 15 sualı əhatə edən broşür tərcümə edilərək, tədris prosesində əyani vəsait kimi istifadə olunur. "Polis etikası haqqında "Avropa məcəlləsində təsbit olunmuş prinsiplər və Avropa Şurasının ekspertlərinin fəal iştirakı və tövsiyələri əsasında "Daxili işlər orqanları əməkdaşlarının etik davranış məcəlləsi" hazırlanıb.

Usubov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar insan hüquqlarının təmin olunması sahəsində beynəlxalq təşkilatlarla bir sıra zəruri işlər görülüb. Bundan əlavə, 1997-ci ildən başlayaraq Avropa Şurasının "Polis və insan hüquqları" proqramı, "Qanunun aliliyinin möhkəmləndirilməsi üzrə Əməkdaşlıq Proqramı" və "İnsan hüquqlarına riayət edilməsi mədəniyyəti" proqramı çərçivəsində müxtəlif mövzular üzrə seminarlar keçirilib.

Ümumiyyətlə, insan hüquqlarına riayət olunması, polisin gündəlik işində demokratik dəyərlərin möhkəmləndirilməsi yollarının öyrənilməsi problemlərinə həsr edilmiş seminarlar, elmi-praktik konfranslar müntəzəm olaraq keçirilir.

Nazir onu da qeyd edib ki, Daxili İşlər Nazirliyi bu uğurlara nail olmaqla bərabər polis əməkdaşları tərəfindən törədilən hər cür neqativ təzahürlərə qarşı mübarizə sahəsində öz işini böyük əzmlə davam etdirir və hər belə fakt üzrə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlıdır.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edərək, Azərbaycanda görülən işlərdən məmnunluq duyduğunu, Avropa Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti