...

"Soyqırım" xülyası və itirilmiş gələcək - Trend News-un icmalçısı

Siyasət Materials 11 Mart 2010 16:10 (UTC +04:00)
"Soyqırım" xülyası və itirilmiş gələcək - Trend News-un icmalçısı

Trend -un Yaxın Şərq redaksiyasının rəhbəri Rufiz Hafizoglu

ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin "saxta soyqırım" haqqında qanun layihəsini imzalaması Ankara üçün nə qədər gözlənilməz olsa da, Ermənistan üçün sözün əsl mənasında uğurlu gələcəyə atılan bir addım idi.

Ötən ilin oktyabrında Ankara-Yerevan protokollarının imzalanması ilk baxışdan nə qədər Ankaranın əleyhinə görünsə də, dünya erməni lobbisinin və erməni millətçilərinin bu protokolların imzalanmasının qəti əleyhinə olmaları heç də Ermənistanın və erməni lobbisinin
xeyrinə olmadığının göstərdi.

Çünki erməni lobbisinin əsas hədəfi heç də Ermənistanın mənafeyi deyil, Türkiyə ilə Ermənistan arasındakı gərgin münasibətlərdən faydalanaraq nəyin bahasına olursa olsun, xüsusən də Türkiyəyə torpaq və saxta "soyqırım" iddiası ilə "ayaqda qalmaqdır". Məhz "soyqırım" və torpaq iddiası erməni lobbisinin fəaliyyəti üçün vacibdir.

Ankara-Yerevan protokollarının imzalanmasından bir müddət sonra Türkiyə imzaladığı protokollara ermənisayağı münasibətin şahidi oldu və dünyanın heç bir normal ölkəsində görünməyən hadisə baş verdi - "unikallığı" ilə seçilən Ermənistan konstitusiya məhkəməsi imzalanan protokolların mətnində dəyişiklik etdi.

İmzalanan protokollara görə, Yerevan "soyqırım" iddialarından əl çəkməli və hər iki dövlət arasında 1915-ci il hadisələrini araşdıracaq ortaq komissiya yaradılmalı idi. Lakin rəsmi Yerevan "saxta soyqırım" iddiasından vaz keçməyəcəyini bəyan etdi. Əslində, konstitusiya məhkəməsi protokollara etdiyi dəyişikliklərlə Ermənistan hökumətini dünyadakı erməni lobbisi qarşısında "diz çökdürdü". Bu addım isə onu göstərir ki, Ermənistan nəinki xarici siyasətdə, eləcə də daxili siyasətdə erməni lobbisindən asılıdır.

Təbii ki, Ermənistan konstitusiya məhkəməsinin ermənisayağı müdaxiləsindən sonra Ankara-Yerevan protokollarının Türkiyə Böyük Millət Məclisində ratifikasiya ediləcəyini düşünmək mənasızdır.

Protokollar və saxta "soyqırım" məsələsində diqqətdən qaçan bir məqam var ki, bu da 1915-ci il hadisələri ilə əlaqədar dünya ölkələrinin Ermənistana Türkiyə ilə ortaq tarixi komissiyanın yaradılması üçün təzyiq göstərməmələridir.

Şübhəsiz ki, əgər ermənilərin iddia etdiyi kimi "soyqırım" olsaydı, dünyanın bir çox ölkələri bunu sübut etmək üçün ortaq tarixi komissiyanın yaradılmasını tələb edərdilər. Bu kimi tələbin nə Ankara, nə də Yerevan qarşısında qoyulmamağı bir daha onu göstərir ki, 1915-ci il hadisələrində "ermənilərin soyqırımı" adında bir fakt olmayıb.

Ermənistan konstitusiya məhkəməsinin Ankara bəxş etdiyi "hədiyyədən" sonra Ankara ikinci sürprizlə də qarşılaşdı. Bu sürpriz isə ABŞ Konqresinin Xarici əlaqələr komitəsindən gəldi.

Türkiyə Xarici İşlər Nazirliyindən ABŞ hökumətinə saxta "soyrıqım"ın Konqresdə müzakirəyə çıxarılmamasına dair rəsmi müraciət edilsə də, Konqresin Xarici əlaqələr komitəsi martın 4-də keçirdiyi iclasında 23 səs lehinə, 22 səs əleyhinə olmaqla, qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul etdi.

Rəsmi Ankara ABŞ-a cavab verməkdə gecikmədi və elə həmin axşam Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan geri çağırıldı.

Əslində, oxşar hadisə 1997-ci ildə də baş vermişdi - ABŞ Konqresinin "soyqırım"la bağlı qərar qəbul etməsinə baxmayaraq, ABŞ hökuməti Türkiyə kimi siyasi müttəfiqi itirməmək üçün Konqresin qərarını təsdiq etmədi.

Ən maraqlısı isə bu ildən fərqli olaraq ABŞ-dakı yəhudi lobbisinin 1997-ci ildə Ankaranın yanında yer alması olmuşdu. 2010-cu il isə Ankara üçün bir o qədər də ürəkaçan olmadı, bu dəfə yəhudi lobbisi Ankaraya gözlənilən köməyi göstərmədi.

Daha sonra Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan müsəlmanlar və İslam dünyası üçün göstərdiyi xidmətlərə görə Kral Feysəl mükafatını almaq üçün ər-Riyada rəsmi səfəri zamanı Konqresdə "erməni soyqırımı"nın qəbul edilməsində yəhudi lobbisinin əli olduğunu bildirdi.
Bu bəyanata və daha yaxın keçmişdə Ankara ilə Təl-Əviv arasında yaşananlara nəzər salsaq, yəhudi lobbisinin Ərdoğan hökumətindən narazı olduğunu açıq-aydın görmək olar. Əslində isə bu, yəhudi lobbisindən Ərdoğan hökumətinə "sarı kart" idi.

Maraqlıdır, görəsən, uzun illərdən bəri Türkiyə üçün başağrısına çevrilən "erməni soyqırımı"nı Ankara təkbaşına həll edə biləcəkmi?

Bu gün Ankara ilə Vaşinqton arasında olan strateji əməkdaşlığı, xüsusən də Yaxın Şərq, İraq və Əfqanıstandakı iş birliyini nəzərə alsaq, ABŞ-ın Türkiyə kimi dəyərli müttəfiqini heç bir tarixi fakta əsaslanmayan "soyqırım" iddiasına görə itirmək istəməyəcəyini söyləmək olar.

Tarixdə baş verənlər Ermənistan hökumətinə ibrət çıxarmaq üçün bir fürsətdir. Ermənistan və erməni lobbisinin qəbul edə bilmədiyi bir reallıq var. Bu reallıq isə "saxta soyqırım" məsələsi ilə hər zaman ermənilərin gələcəklərinin böyük dövlətlər arasında ticarət obyekti olmasıdır.

Xəbər lenti

Xəbər lenti