Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan Parlamenti sədrinin müavini Bahar Muradova deyib ki, Azərbaycanla Küveyt arasındakı münasibətlərimizin inkişafında dövlət başçılarının xüsusi rolu var.
"Prezident İlham Əliyevin Küveytə ötənilki səfəri əlaqələrimizin inkişafına yeni impuls verib", - Trend-in məlumatına görə, Milli Məclis sədrinin müavini Bahar Muradova Küveyt Parlamentinin qadın deputatları ilə görüşdə bildirib.
Muradova Azərbaycan Parlamentinin fəaliyyəti, beynəlxalq əlaqələri, əməkdaşlığı, qanunvericilik bazasının möhkəmləndirilməsi sahəsindəki təcrübəsi barədə ətraflı məlumat verib. Onun fikrincə, bu cür səfərlər ölkələrimiz arasında təkcə parlamentlər səviyyəsində deyil, digər sahələrdə də əlaqələrin inkişafına töhfə verəcək.
Parlament sədrinin müavini qeyd edib ki, Azərbaycanın inkişafına Dağlıq Qarabağ münaqişəsi ciddi maneə olur. Muradova problemin həllində Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərə vaxtaşırı göstərdiyi humanitar yardımlara görə Küveyt dövlətinə və xalqına xüsusi minnətdarlığını çatdırıb.
Nümayəndə heyətinin rəhbəri, Küveyt Parlamentinin deputatı Məsumə Saleh əl-Mubarək bildirib ki, Azərbaycanda aparılan müzakirələr qanun yaradıcılığı prosesinə yaxşı töhfələr verəcək. O, ölkəsinin Azərbaycanla əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyindən, xalqlarımızın oxşar tarixindən, dil və mədəniyyət sahəsindəki bənzərliklərdən söhbət açıb.
Görüşdə hər iki ölkədə qadın parlament üzvlərinin fəaliyyəti, gender bərabərliyi prinsipləri, turizm sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.