Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan hər zaman Türkiyənin yanındadır, - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyənin bəzi mətbuat orqanlarında Azərbaycanın qondarma "erməni soyqırım" məsələsində dəstək vermədiyi barədə gedən yazılara münasibət bildirərkən deyib.
"ABŞ Konqresinin Alt komitəsi sənədi qəbul edən gün, Azərbaycan Prezidenti Türkiyə Prezidentinə müraciət etdi və öz münasibətini bildirdi ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır. ABŞ-ın Alt komitəsində qəbul olunmuş bu qərar, eyni zamanda, Azərbaycanın əleyhinə qəbul olunmuş bir qərardır. Bunun arxasınca dərhal Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin açıqlamaları getdi, Parlament bəyanat verdi, xüsusi müraciət qəbul etdi ki, əgər belə olsa, biz ABŞ Konqresi ilə əlaqələri kəsəcəyik. Dəstək başqa nə cür olar?" - Həsənov bildirib.
Trend-in arayışı: ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi martın 4-də qondarma "erməni soyqırımı" qətnaməsini qəbul edib. 23 konqresmen sənədin qəbuluna, 22-si isə əleyhinə səs verib. Səsvermə qətnamənin yekun qəbulu demək deyil. Sənəd Nümayəndələr Palatasının tam tərkibi tərəfindən baxılması üçün təqdim olunacaq. Qətnamə üzrə ümumi səsvermənin vaxtı hələlik təyin olunmayıb
Həsənov deyib ki, dünya ölkələrindəki bütün diaspora təşkilatlarımız Konqresə məktublar, müraciətlər ediblər.
"Hesab edirəm, Türkiyədə bu məsələdə bəzi dairələr Türkiyənin hakim dairələrini dezinformasiya edir ki, hansısa məsələdə Azərbaycanın hansısa təşkilatı Türkiyənin yanında olmayıb. Məsələni hansısa təşkilatın onun yanında olması deyil, dövlətin onun yanında olması həll edir. Azərbaycan xalqı və dövləti Türkiyənin yanındadır, biz də bunu əsas hesab edirik", - Prezident Administrasiyasının şöbə müdiri əlavə edib.