...

Obamanın "1915-ci il hadisələri"nə dair nitqi Vaşinqtonun Türkiyə ilə münasibətləri qiymətləndirməsindən xəbər verir

Siyasət Materials 27 Aprel 2010 10:24 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obamanın 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri "soyqırım" adlandırmaması Vaşinqtonun mühüm müttəfiq kimi Türkiyə ilə münasibətləri nə dərəcədə qiymətləndirməsindən xəbər verir, - ekspertlər belə hesab edirlər.
Obamanın "1915-ci il hadisələri"nə dair nitqi Vaşinqtonun Türkiyə ilə münasibətləri qiymətləndirməsindən xəbər verir

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Tarıverdiyeva/

ABŞ Prezidenti Barak Obamanın 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri "soyqırım" adlandırmaması Vaşinqtonun mühüm müttəfiq kimi Türkiyə ilə münasibətləri nə dərəcədə qiymətləndirməsindən xəbər verir, - ekspertlər belə hesab edirlər.

"Vaşinqton ABŞ-ın müttəfiqi və tərəfdaşı kimi Türkiyənin əhəmiyyətini başa düşür və başa düşüb; bu ona gətirib çıxardı ki, Prezident Obama və Amerika Konqresi xüsusi ehtiyac olmadan öz strateji tərəfdaşı ilə münasibətləri pozmaq istəmədi", - azərbaycanlı politoloq Rasim Musabəyov Trend-ə deyib.

ABŞ Prezidenti Barak Obama qondarma "erməni soyqırımı"nın 95 illiyi münasibətilə öz nitqində "soyqırım" sözünü işlətməyərək növbəti dəfə " 1915-ci il hadisələrini" böyük fəlakət adlandırıb. Məlumatı CNN Turk yayıb.

Barak Obama keçən il də, ermənilərin və erməni diasporunun gözləntilərinə baxmayaraq, öz çıxışında "1915-ci il hadisələrini" böyük fəlakət adlandırıb.

İndi də bir dəfə də olsun "soyqırım" sözünü işlətməyən prezident Türkiyə və Ermənistanı münasibətlərin qurulması üzrə səylərin davam etdirilməsinə çağırıb. O qeyd edib ki, bu səylər sayəsində iki ölkə yalnız güclü olacaq.

Obama seçkiqabağı kampaniya zamanı "ermənilərin soyqırımı" faktını tanıyacağını vəd etmişdi, lakin hələlik bu vədi yerinə yetirməyib.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər, dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Müşahidəçilərin fikrincə, Türkiyə ABŞ-ın Yaxın Şərqdə mühüm tərəfdaşıdır və ABŞ dünya ermənilərinin tələblərinə görə Ankara ilə münasibətlərini korlamayacaq.

Qafqaz üzrə avropalı ekspert Ziba Normanın fikrincə, ABŞ administrasiyası Ermənistan və Türkiyə arasındakı dialoqda gərginliyi azaltmağa çalışır; odur ki, Obamanın bütün sözləri diqqətlə seçiləcək.

"Soyqırım" sözünün işlədilməməsi, sözsüz ki, lobbiçilərə açıq siqnaldır. "Obama administrasiyanın ümumilikdə ABŞ-ın xarici siyasi marağında olan Türkiyə ilə yaxşı münasibətləri saxlamağa bütün əsasları var", - Britaniyanın Transatlantika İnstitutunun direktoru Norma elektron poçt ilə Trend-ə bildirib.

Musabəyovun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ probleminin Ankara və Yerevan ilə münasibətlərin normallaşması ilə əlaqəsi kimi məsələlərdə, həmçinin, Cənubi Qafqazda mövcud reallıqlarla bağlı Türkiyənin mövqeyi ilə hesablaşmalı olacaq.

"Prinsipial əhəmiyyət daşıyan məqam odur ki, Obama başa düşür ki, bu məsələdə həddi keçmək olmaz, çünki bu, ABŞ-ı Yaxın Şərqdə çox dəyərli strateji müttəfiqdən məhrum edə bilər", - Musabəyov deyib.

Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (TASAM) direktoru Süleyman Şensoy hesab edir ki, Prezident Obama başa düşür ki, əgər "soyqırım" sözünü işlətsə, bu, Türkiyə ilə münasibətlərdə çox güclü dəyişikliyə səbəb olacaq. "Obama bunu başa düşür və öz strateji tərəfdaşı olan Ankara ilə münasibətləri korlamaq istəmir", - Şensoy İstanbuldan telefonla Trend-ə bildirib.

Lakin türkiyəli politoloq Sinan Ohanın fikrincə, Obamanın dünənki çıxışı Türkiyə ilə münasibətləri pozmamaq üçün diplomatik manevr idi. Eyni zamanda da o, Türkiyə və Ermənistan arasındakı prosesə bütünlüklə son qoymaq istəmədi.

"Ermənilərin məqsədi Obamanı ingilis dilində "soyqırım" sözünü işlətməyə məcbur etmək deyil. Ermənilərin etirazları diqqəti cəlb etmək üçün yönəlib", - Türkiyənin TÜRKSAM Beynəlxalq Münasibətlər və Strateji Analiz Mərkəzinin rəhbəri Ohan Bakıya səfəri ərəfəsində Trend-ə deyib.

Politoloqların fikrincə, Obamanın Türkiyə və Ermənistanı münasibətlərin normallaşmasına çağırmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş başlamayınca, bu, nəticə verməyəcək.

"Cənubi Qafqazda sabitlik Dağlıq Qarabağdakı vəziyyətdən asılıdır. Odur ki, qərarlar qismən uzunmüddətli olmayan sabitliyə gətirib çıxara bilər və Türkiyə bunu başa düşür", - Norman hesab edir.

"Tam, hərtərəfli nəticəyə malik olmaq real deyil, lakin mühüm irəliləyişə nail olmaq lazımdır. Real məsələ odur ki, bu irəliləyişin əldə olunması üçün kim təzyiq göstərə biləcək", - o bildirib.

Xəbər lenti

Xəbər lenti