Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir R.Hafizoğlu/
Küveytin vəqflər və islam işləri üzrə nazir müavini Adil əl-Fəlah Azərbaycanın dinlərarası dialoq mərkəzi ola biləcəyini hesab edir.
"Azərbaycan dinlərarası dialoqa ciddi önəm verdiyi üçün, dünyada dinlərarası dialoq mərkəzi ola bilər", - deyə əl-Fəlah Trend-ə bildirib.
Azərbaycanda aprelin 26-27-si dünya dini liderlərinin Bakı sammiti keçirilib. Sammitdə islam, xristian, yəhudi və digər dinlərin liderləri iştirak ediblər.
Əl-Fəlahın sözlərin görə, bu gün dünyada keçirilməsinə böyük ehtiyac olan Dini Liderlərin Ümumdünya Sammitinin Bakıda keçirilməsi, Azərbaycanın dinə və dinlərarası dialoqa böyük önəm verməsindən irəli gəlir.
"Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə çıxışını diqqətlə izlədim və belə qərara gəldim ki , ölkə başçısı Azərbaycanın dinlərarası dialoqun beynəlxalq mərkəzinə çevrilməsi istəyindədir. Şübhəsiz, Azərbaycan dini, insani, mədəni və coğrafi faktorlara görə, dinlərarası dialoqun beynəlxalq mərkəzinə çevrilməsi potensialına malikdir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Bakıda keçirilən sammitdə müsəlman, xristian, yəhudi və digər dini liderlərin iştirakına, həqiqətən çox böyük ehtiyac var.
Bunun səbəblərinə gəlincə, əl-Fəlah bu gün dünyada baş verən bir çox problemlərin dini zəmində baş verməsini və ya gedən proseslərə dini don geyindirilməsi ilə əlaqələndirib
hesab edir ki, dini liderlərin bir səma altında bir toplantıda iştirakı, problemlərin birgə həllinə çalışması, heç sübhəsiz, sadə insanlara müsbət yöndən təsir edəcək.
Onun sözlərinə görə, dialoq aparan tərəflərin bir-birini kitab və ya mediadan izləməklə deyil, onunla birbaşa ünsiyyətdə olaraq tanıması daha yaxşı olardı. Çünki tərəflərin bir-birlərini tanıması qaranlıq qalan məqamların aydınlaşması deməkdir.
Əl-Fəlah hesab edir ki, dini liderlərin bir arada olması, toplanması, insan hüquqlarının qorunması, narkotiklərə qarşı mübarizə, ailənin qorunması, əxlaq mədəniyyəti və sair ümumbəşəri dəyərlərin yaşamasına və onların birgə inkişafına da xidmət edə bilər.
"Hesab edirəm, dini liderlərin ümumbəşəri dəyərlərin qorunması məsələsi üzərində çalışmaları çox önəmlidir və dini liderlər cəmiyyətin formalaşmasında da aktiv rol oynamalıdırlar", - deyə o qeyd edib.