...

ABŞ müdafiə naziri Əfqanıstandakı hərbi əməliyyatlarda Azərbaycanın rolunu qeyd edib

Siyasət Materials 7 İyun 2010 10:40 (UTC +04:00)
ABŞ müdafiə naziri Robert Geyts bazar günü Azərbaycanın Əfqanıstandakı hərbi əməliyyatlarda iştirakının mümkünlüyünü qeyd edib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
ABŞ müdafiə naziri Əfqanıstandakı hərbi əməliyyatlarda Azərbaycanın rolunu qeyd edib

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir N.Musayev/

ABŞ müdafiə naziri Robert Geyts bazar günü Azərbaycanın Əfqanıstandakı hərbi əməliyyatlarda iştirakının mümkünlüyünü qeyd edib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

"Şübhəsiz ki, Azərbaycan tərəfdən hava məkanının və quruda nəqliyyatdan istifadə imkanlarının verilməsi ABŞ üçün mühüm önəm kəsb edir. Tranzitin bu üsulu onlarca ölkənin iştirak etdiyi beynəlxalq əlaqələrə mühüm töhfədir", - R.Geyts Sinqapurdan Azərbaycana gələrkən yolda jurnalistlərə bildirib.

Bu, Geytsin Azərbaycana ilk və ABŞ Nazirlər Kabineti nümayəndəsinin beş il ərzində ölkəyə birinci rəsmi səfəridir. Bazar günü ABŞ müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və ona Prezident Barak Obamanın məktubunu çatdırıb. Bazar ertəsi Geyts Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşəcək.

Geytsin sözlərinə görə, Azərbaycan hökumətinin ABŞ-ın Azərbaycana lazımi diqqət ayırmaması fikri onun səfərinin səbəblərindən biridir.

"Mən gəlib Prezident İlham Əliyevlə görüşmək və bunun belə olmadığına inandırmaq istədim. Düşünürəm, gələcəkdə başqa görüşlər də [Amerika və Azərbaycanın rəsmi şəxsləri arasında] olacaq. Əslində, beynəlxalq koalisiyada çox vacib rol oynadıqlarını bildirmək üçün onlarla əlaqələri dəstəkləmək çox mühümdür", - Geyts deyib.

ABŞ Müdafiə Naizrliyinin saytı yazır ki, koalisiyanın təchizatının 25 faizə yaxını, Azərbaycan da daxil olmaqla, Qafqazdan keçir. 2001-ci ildən Azərbaycanın hava məkanından keçməklə on minlərlə uçuş reallaşdırılıb və 100 mindən artıq əsgər Əfqanıstana çatdırılıb.

Xəbər lenti

Xəbər lenti