...

Hərbi Doktrinada Azərbaycanın artan nüfuzu, gücü görünür - deputat Qənirə Paşayeva

Siyasət Materials 8 İyun 2010 19:01 (UTC +04:00)
Ermənistan işğal etdiyi torpaqlarımızdan geri çəkilmək istəmir və danışıqlar prosesini uzatmaq məqsədi güdür. Bu Hərbi Doktrina və burdan irəli gələn məsələlər birmənalı mesajların çatdırılması üçün önəmli bir məsələdir.
Hərbi Doktrinada Azərbaycanın artan nüfuzu, gücü görünür - deputat Qənirə Paşayeva

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/

Ermənistan işğal etdiyi torpaqlarımızdan geri çəkilmək istəmir və danışıqlar prosesini uzatmaq məqsədi güdür. Bu Hərbi Doktrina və burdan irəli gələn məsələlər birmənalı mesajların çatdırılması üçün önəmli bir məsələdir. Trend-in məlumatına görə, bunu Milli Məclisin növbədənkənar sessiyasının çərşənbə axşamı keçirilən ilk iclasında çıxışı zamanı deputat Qənirə Paşayeva deyib.

"Hərbi Doktrinada Azərbaycanın artan nüfuzu, gücü görünür. Bizi narahat edən bütün məsələləri bu sənəddə görə bilirik. Ən vacib məqamlardan biri odur ki, Azərbaycan işğalın nəticələrini rəsmiləşdirmək məqsədi ilə Ermənistana və işğal edilən ərazilərdə separatçı rejimə hər hansı siyasi, hərbi, iqtisadi və digər dəstəyi Azərbaycana qarşı əməl kimi qiymətləndirir. Bu, təkcə Ermənistana qarşı deyil, ona yardım edənlər üçün də mesajdır. İnanıram ki, gələcək fəaliyyətimizdə işğal olunmuş torpaqlar haqqında qanun da qəbul edəcək", - Paşayeva deyib.

Trend-in arayışı: Hərbi Doktrina parlamentin çərşənbə axşamı keçirilən iclasında təsdiqlənib.

Hərbi Doktrina layihəsi 75 bənddən ibarətdir, 7 əsas müddəanı özündə ehtiva edir. Regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana təcavüzü, onun yaratdığı reallıqlar, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda, hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlər sənəddə əksini tapıb.

Azərbaycan ərazilərində xarici hərbi bazaların yerləşdirilməsi ilə bağlı Hərbi Doktrina layihəsində istisnalar nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, lazımi şəraitlərdə Azərbaycan belə bir səlahiyyəti özündə saxlayır.

Layihədə Ermənistan təcavüzkar kimi göstərilib. Eyni zamanda, bu təcavüz nəticəsində regionda yaranmış vəziyyət, təhlükəsizliyə çox böyük risklər öz əksini tapıb. Azərbaycanın regionda hansı məsələləri özünə təhdid sayması layihədə göstərilib. Bundan başqa, maliyyə və iqtisadi böhranlar, enerji resursları uğrunda aparılan zorakı mübarizələr, separatizmin stimullaşdırılması və digər məsələlər Hərbi Doktrina layihəsində yer alıb.

Deputat deyib ki, Hərbi Doktrinada birmənalı şəkildə Azərbaycanın işğal altında olan ərazilərini Ermənistan azad etməsə, hərbi yola əl ataraq öz torpaqlarını işğaldan azad edəcəyi əksini tapıb.

"Bu, təkcə Ermənistana deyil, digər qurumlara da önəmli bir mesajdır. Hərbi Doktrina Azərbaycanın maraqlarını qoruyan sənəddir. Orta məktəblərimizdə hərbi dərsləri yüksək səviyyədə artırmağımız gərəklidir ki, gənclərimiz orta məktəbdən artıq hərbi xidmətə yüksək səviyyədə hazırlığa malik olsunlar. Söhbət təkcə oğlanlardan getmir, torpaqlarımız işğal olunub və qızlarımızın da orta məktəblərdə hərbi sirlərə yiyələnməsi vacibdir", - Paşayeva deyib.

Xəbər lenti

Xəbər lenti