Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir S.Ağayeva/
Almaniyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov alman həmkarı Qido Verstervelle ilə görüşərək ikitərəfli münasibətlər, regionda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xəzər hövzəsində enerji siyasəti və müxtəlif enerji layihələri ilə bağlı fikir mübadiləsi aparıb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Görüşdə Vestervelle son illər Almaniya şirkətlərinin Azərbaycana artan marağını ölkəmizin etibarlı tərəfdaş olması və sərmayələr üçün əlverişli şərait yaratması ilə izah edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verən Məmmədyarov Torontoda Minsk qrupunun üç həmsədr dövlətlərinin prezidentlərinin bəyanatının münaqişənin mərhələli həllini nəzərdə tutduğunu və reallığı əks etdirdiyini qeyd edib.
"Nabukko" layihəsinin Federal hökumət tərəfindən dəstəkləndiyini bildirən Vestervelle hakimiyyətdəki koalision tərəfdaşların imzaladığı müqavilədə bu mövqeyin əks olduğunu vurğulayıb və iki ölkənin Xarici İşlər nazirlikləri arasında enerji siyasəti sahəsində dialoqa dair anlaşma memorandumunun tezliklə imzalanması arzusunda olduğunu bildirib.
Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında "Şərq tərəfdaşlığı" çərçivəsində qanunun aliliyi və demokratiya məsələlərinə toxunulub.
Azərbaycanın xarici işlər naziri Bundestaqda iqtidarda olan Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqının xarici siyasət məsələlər üzrə sözçüsü Filip Misfelder və parlament deputatları ilə görüşüb.
Məmmədyarov səfəri çərçivəsində Körber fondunun dəstəyi ilə təşkil edilən tədbirdə Azərbaycanın müasir siyasi, iqtisadi və enerji siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edib.