...

Xəzər dənizindən İrana hücum ehtimalı son dərəcə azdır – ekspertlər

Siyasət Materials 26 Avqust 2010 09:00 (UTC +04:00)
Xəzər dənizindən İrana hücum ehtimalı son dərəcə azdır. İslam Respublikasına qarşı hərbi güc tətbiqi ediləcəyi halda o, istənilən istiqamətdə hücuma reaksiya verməyə qadirdir, lakin cavab reaksiyasının effektivliyi ekspertlərdə şübhə doğurur.
Xəzər dənizindən İrana hücum ehtimalı son dərəcə azdır – ekspertlər

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir T.Konyayeva/

Xəzər dənizindən İrana hücum ehtimalı son dərəcə azdır. İslam Respublikasına qarşı hərbi güc tətbiqi ediləcəyi halda o, istənilən istiqamətdə hücuma reaksiya verməyə qadirdir, lakin cavab reaksiyasının effektivliyi ekspertlərdə şübhə doğurur.

"Bu il yalnız Xəzər tərəfdən deyil, ümumilikdə İranda hansısa hərbi münaqişənin baş verməsi ehtimalı son dərəcə azdır", - Moskvadan rusiyalı hərbi ekspert Pavel Felhenhauer telefonla Trend-ə bildirib.

Bazar ertəsi İranda yeni nəsil sürətli raket-torpedo katerlərinin iki tipinin - "Zülfüqar" və "Serac-1"in istehsalı üzrə yığım xəttinin açılış mərasimi keçirilib. İİR-in müdafiə naziri Əhməd Vahidinin qeyd etdiyi kimi, bu katerlər İranın sahil xətlərinin təhlükəsizliyini artırmağa və Xəzər dənizindən İran sərhədlərinin möhkəmləndirməsinə xidmət edəcək.

Lakin Felhenhauerin sözlərinə görə, yaxın iki il ərzində Yaxın Şərqdə böyük müharibənin başvermə ehtimalı yüksəkdir.

"Çox güman ki, müharibə İran ətrafında başlayacaq, əsas döyüş meydanı körfəz rayonu olacaq, lakin başqa regionları - Qəzza sektorunu, Livanı, Suriyanı da əhatə edəcək", - o deyib. - "Prinsip etibarilə şimalda hansısa toqquşma istisna edilmir, amma çox ehtimal ki, orada toqquşmalar ümumilikdə olmayacaq".

İranın hücumları dəf etməyə hazır olmasına gəldikdə, Felhenhauer İranın məğlubiyyətə uğrayacağını düşünür.

"İranın kifayət qədər çoxlu sayda qoşunu var və onlar əhalini də silah götürməyə çağıra bilərlər; onların kifayət qədər silahı var, doğrudur, onlar köhnədir; onların orta və kiçikmənzilli raketləri var", - o deyib. - "Lakin irimiqyaslı münaqişə zamanı İranın heç bir şansı yoxdur: onun apardığı əməliyyatlar uğursuz olacaq və donanma çox tez bri vaxtda darmadağın ediləcək".

Amerikalı ekspert Ceyms Forest belə hesab edir ki, İran istənilən istiqamətdə hücumlara cavab verə bilər, lakin onun mövcud hücuma cavab reaksiyası iranlıların ümid etdiyi qədər təsirli olmaya bilər.

"İrana hücum etmək potensialı olan ölkələrin əksəriyyəti İslam Respublikasının silahları və müdafiə imkanları barədə dolğun informasiyaya malikdirlər", - Trend-ə elektron poçt vasitəsilə Massaçusets-Louell Universitetinin mühakimə üsulu və kriminalistika fakültəsinin professoru Forest bildirib. - "Mən ümid edirəm ki, İran rəhbərliyində rəsmi Tehranın düşmən elan etdiyi dövlətlərin kəşfiyyat və hücum imkanlarını qiymətləndirirlər".

Avqustun əvvəllərində ABŞ-ın qərargah rəislərinin birləşmiş komitəsinin rəhbəri admiral Mayk Mullen deyib ki, Pentaqon Tehranın Qərblə qarşıdurmaya getməsi davam etdiyi təqdirdə, İran məsələsinin həlli imkanlarını nəzərdən keçirir.

Bununla yanaşı, son həftələr ya Obama administrasiyası, ya İsrail hökuməti, ya da digər dövlətlərin İrana hücuma hazırlaşdığını iddialı şəkildə göstərən KİV məlumatları və hərbi ekspertlərin bəyannamələri yayılıb.

Ötən həftə İranın ali lideri Əli Xamneyi Vaşinqtona İrana qarşı hərbi gücün tətbiqi ilə bağlı xəbərdarlıq göndərib ki, burada o, belə təhlükələri ağılsızlıq adlandırıb və əlavə edib ki, əgər bu baş verərsə, İran xalqı ilə qarşıdurma Yaxın Şərq regionunun hüdudlarından kənara yayılacaq.

Rusiya və Mərkəzi Asiya məsələləri üzrə iranlı ekspert Bəhram Əmirəhmədiyan da Xəxər dənizindən İrana qarşı hərbi fəaliyyətin mümkünlüyünə inanmır.

"Xəzər regionu ölkələrinin rəhbərləri öz üzərlərinə xarici hərbi qüvvələrə Xəzər dənizində görünməyə imkan verməyən öhdəlikləri götürüblər", - telefon vasitəsilə Tehrandan Əmirəhmədiyan bildirib. - "Bunu nəzərə alaraq, İrana qarşı bu regiondan təhlükə gözlənilmir".

Əmirəhmədiyanın sözlərinə görə, cənub sərhədləri ilə müqayisədə Xəzər dənizi sahillərində İranın müdafiə imkanları əhəmiyyətli dərəcədə zəifdir.

"Digər tərəfdən Xəzər dənizi qapalı dənizdir, orada İran körfəzində aparılan əməliyyatlara oxşar genişmiqyaslı əməliyyatların keçirilməsi mümkün deyil", - Əmirəhmədiyan bildirib.

O, Azərbaycanın elan etdiyi müdafiə strategiyasını da qeyd edib. Həmin strategiyaya əsasən, Azərbaycan ərazisində xarici hərbi qüvvələrin yerləşməsinə icazə verməyəcək. Əmirəhmədiyan İrana qonşu və dost olan Rusiyanın bu regionda xarici qüvvələrin yerləşməsi ilə razı olmayacağına da işarə edib.

"Lakin buna baxmayaraq, İran özünün coğrafi mövqeyinə daima müdafiə gücünü möhkəmləndirməyə və təhlükəsizliyinin təmini üçün bütün istiqamətlərdə texnologiyaları inkişaf etdirməyə məcburdur", - Əmirəhmədiyan vurğulayıb.

2005-ci ildə ABŞ "Xəzər keşikçisi" (Casрian Guard) proqramı çərçivəsində Azərbaycan və Qazaxıstana 135 milyon dollara yaxın vəsait ayırıb. Pentaqonun bu proqramı altı il ərzində həyata keçirəcəyi planlaşdırılıb.

Proqram Xəzər dənizi regionunda təhlükəsizliyin gücləndirilməsi üzrə tədbirlərin görülməsini, xüsusilə, hava və dəniz məkanına nəzarət sisteminin yaradılmasını; çevik qüvvələrin və sərhəd nəzarətinin yaradılmasını; tərəfdaşlara iqtisadi və siyasi köməyin göstərilməsini nəzərdə tutur.

Bundan başqa, ümumiyyətlə, son 15 ildə Xəzərdə hərbi gəmilərin ümumi sayı iki dəfədən çox artıb; onların döyüş gücü yeni keyfiyyətli səviyyəyə yüksəlib, sahil infrastrukturu fəal surətdə genişləndirilir.

Materialın hazırlanmasında V.Javoronkova, T.Cəfərov iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti