...

Azərbaycanda bütün seçki məntəqələrinə əlavə seçki qutuları paylanılıb - MSK

Siyasət Materials 22 Oktyabr 2010 11:52 (UTC +04:00)
Azərbaycanda bütün seçki məntəqələrinə əlavə seçki qutuları paylanılıb.
Azərbaycanda bütün seçki məntəqələrinə əlavə seçki qutuları paylanılıb - MSK

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bütün seçki məntəqələrinə əlavə seçki qutuları paylanılıb. Bu barədə cümə günü Trend-ə Mərkəzi Seçki Komissiyasıın (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.

"Bəzən elə olur ki, seçki qutuları bülletenlərlə dolur və əlavə qutulara ehtiyac olur. Bununla bağlı tələblər öyrənilib və dairələrə əlavə qutular təqdim olunub. Demək olar, bütün məntəqələrə əlavə qutular verilib", - Qasımov əlavə edib.

Qasımov seçkilərdə istifadə olunacaq rəngsiz mürəkkəblərin də artıq gətirildiyini deyib. Onun sözlərinə görə, mürəkkəblər Danimarka istehsalıdır.

"Mürəkkəblərin keyfiyyət göstəriciləri yoxlanılıb. Onların qalma müddəti, kimyəvi tərkibi və insan orqanizmi üçün zərərli olub-olmamağı yoxlanılıb. Bu mürəkkəblərin insan orqanizminə heç bir ziyanı yoxdur, heç bir təhlükə törətmir. Artıq dairə seçki komissiyalarına təqdim olunur və onlar da öz növbəsində məntəqələrə paylayacaqlar", - o qeyd edib.

Qasımov bildirib ki, mürəkkəblər əldə üç günə qədər qala bilir. Onun sözlərinə görə,  mürəkkəblər MSK-nın özü tərəfindən də yoxlanılıb.

Azərbaycanda Parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

2005-ci ilin Parlament seçkiləri zamanı bir şəxsin ikinci dəfə səs verməsinin qarşısını almaq məqsədi ilə ilk dəfə gözlə görünməyən mürəkkəblərdən istifadə olunub.

Xəbər lenti

Xəbər lenti