...

Türkiyənin NATO ilə əlaqələri təhlükə altındadır – Ariel Koen

Siyasət Materials 26 Noyabr 2010 09:00 (UTC +04:00)
Türkiyə və ABŞ-ın İran, Rusiya, Qafqaz və Yaxın Şərqdəki maraqları son vaxtlar haçalanmağa başlayıb. Aparıcı amerikalı ekspert Ariel Koen belə hesab edir.
Türkiyənin NATO ilə əlaqələri təhlükə altındadır – Ariel Koen

Türkiyə, İstanbul, 25 noyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Türkiyə və ABŞ-ın İran, Rusiya, Qafqaz və Yaxın Şərqdəki maraqları son vaxtlar haçalanmağa başlayıb. Aparıcı amerikalı ekspert Ariel Koen belə hesab edir.

"Hazırkı tendensiyalar göstərir ki, Türkiyənin ABŞ və NATO ilə əlaqələri və onun Qərb yönümlü olması təhlükə altındadır", - "İrs" Fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti üzrə aparıcı eksperti Koen İstanbulda "Türkiyənin xarici siyasətində dəyişikliklər: Transatlantik birlik üçün çağırış?" adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, onilliklər ərzində Türkiyə və Birləşmiş Ştatlar Balkan, Aralıq dəniz, Fars körfəzi, Mərkəzi Asiya daxil olmaqla, böyük məkanda əməkdaşlıq edirlər. Lakin Türkiyə və ABŞ-ın İran, Rusiya, Qafqaz və Yaxın Şərqdəki maraqları son vaxtlar haçalanmağa başlayıb və buna bir neçə nümunə var. Trend-in Ekspert Şurasının üzvü Koen hesab edir.

"Türkiyə İrana qarşı BMT sanksiyalarının dördüncü mərhələsinin əleyhinə səs verməklə öz müttəfiqlərinə, eləcə də Birləşmiş Ştatlara və İsrailə meydan oxudu. 2010-cu il sentyabrın 12-də Türkiyə dünyəvi dövləti zəiflədən mühüm siyasi addım atdı. Həmin tarixdə əhalinin əksəriyyəti referendumda Ədalət və İnkişaf Partiyasının (AKP) məhkəmə sistemi üzərində siyasi nəzarətinin artırılması və ölkənin siyasi sistemində əks sistemlərin zəifləməsi leyinə səs verdi.

Referendumun nəticələri bu yaxınlaradək Atatürkün yaratdığı Türkiyə Respublikasının dünyəvi xarakterinin başlıca tarazlığı olan hərbi və məhkəmə sistemini zəiflətdi", - konfransda çıxış edən Koen bildirib.

Ekspert hesab edir ki, bu gün Ankaranın daxili irəliləyişləri xarici siyasətdəki dərin dəyişikliklərlə əlaqələndirilib. Koenin sözlərinə görə, onlar ABŞ-ın regiondakı həyati əhəmiyyətə malik maraqlarını əngəlləyir, çünki Türkiyə İraq, İran, Qafqaz, Qara dəniz və Balkanda əsas geosiyasi rol oynayır.

"Türkiyə Avropa və ABŞ-dan aralanaraq, Rusiya və müsəlman dünyası ilə əlaqələr quraraq çoxqütblü dünyada müstəqil qütb olmağa çalışır. Burada Ankaranın xarici siyasətinin artan islamlaşması da öz rolunu oynayır. Türkiyə müsəlman dünyasında və Yaxın Şərqdə liderliyə iddialıdır", - o deyib.

Onun fikrincə, Trükiyə AKP-nin nəzarəti altında İran və ərəb qonşuları və digər müsəlman ölkələr ilə çox vaxt ABŞ, İsrail (hərbi-siyasi və turizm əlaqələrinin sıfıra endiyi) və digər Qərb müttəfiqlərinin maraqları hesabına daha sıx münasibətlərə can atır.

"Türkiyə Avropa və Birləşmiş Ştatların NATO-da çoxdankı əsas tərəfdaşı və strateji müttəfiqidir, lakin son vaxtlar siyasətçilər və ekspertlər arasında Türkiyənin NATO-nun maraqlarına sadiqliyi barədə qanuni suallar yaranır", - Koen belə güman edir.

"Düşünmək lazımdır ki, ABŞ, Türkiyə, NATO və Aİ regional, eləcə də İranın artmaqda olan raket-nüvə potensialindan müdafiə, Cənubi Qafqaz ölkələrində sabitlik və müstəqillik, enerji boru kəmərlərinin təhlükəsizliyi və iqtisadi əlaqələrin genişləndirilməsi kimi ümumi maraqlara malikdirlər. Vaşinqton hesab edir ki, NATO-nun üzvü və ABŞ-ın əsas tərəfdaşı kimi Ankara regiondakı müttəfiqləri ilə, o cümlədən İsraillə münasibətləri pozmamalıdır", - o deyib.

Onun sözlərinə görə, lakin Ankaranın öz ərazisində raket hücumundan müdafiə (RHM) sisteminin yerləşdirilməsi ilə bağlı məsələdə NATO qarşısında qoyduğu şərtlər böyük narahatlığa səbəb olub.

Türkiyənin RHM sisteminin yerləşdirilməsinə verdiyi razılıqla əlaqədar şərtlərdən biri də İranın təhdidi ilə bağlı bütün istinadlar və ya təhlükə törədən ölkələrin siyahısının aradan qaldırılmasına dair tələb olub.

Koenin sözlərinə görə, Türkiyənin geosiyasi istiqaməti və ölkənin Alyansdan ortamüddətli və ya uzunmüddətli perspektivdə uzaqlaşa bilməsi ilə bağlı ciddi qorxu var.

Türkiyə hakimiyyəti ABŞ-ın deyil, NATO-nun RHM sisteminin yaradılmasında da təkid edir. Bu yaxınlarda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan faiz dərəcələrini artıraraq bəyan edib ki, Türkiyə ölkə ərazisində yerləşdirilən sistem üzərində komandanlığa malik olmalıdır. Bu şərtlər NATO-nun təcrübəsinə və siyasətinə zidd olduğundan rədd edilib.

Politoloqun sözlərinə görə, Rusiya və Türkiyə, eləcə də Çin və Türkiyə son vaxtlar özlərinin ticari, hərbi və diplomatik əlaqələrini xeyli artırıblar. Bu, Ankaranın geosiyasi portfelini şaxələndirməsi deməkdir.

"Türkiyə Silahlı Qüvvələrinin NATO-ya daxil olmasını və ənənəvi olaraq Şimali Atlantika Alyansı ilə əməkdaşlığını nəzərə alsaq, Türkiyə və Rusiyanın hərbi əlaqələri yenilik olub. Lakin bu gün aydındır ki, Ankara başqa variantları da nəzərdən keçirir. 2010-cu ildə Rusiya türklərlə uzaq radiuslu S-300 "yer-hava" raketlərinin satışını müzakirə edib, Çin isə "Anadolu qartalı" ənənəvi aviamanevrlərində ABŞ-ı əvəz edib", - Koen vurğulayıb.

Lakin, onun fikrincə, RF-Türkiyə münasibətlərinin möhkəmlənməsinin ən mühüm nəticəsi Türkiyə üçün xaricdən daha çox təhlükə törədən "Qırmızı kitab" adlandırılan sənədin siyahısından Rusiyanın çıxarılması oldu.

Rusiya ilə birlikdə siyahıdan İran, İraq, Ermənistan, Bolqarıstan və Yunanıstan da çıxarılıb, lakin İsrail əlavə edilib.

"Türkiyə İranla da sıx əlaqələri inkişaf etdirir, bu isə çox qəribədir, belə ki, Türkiyə əvvəllər Avropa-ABŞ təhlükəsizliyinin istehkamı olub", - Koen qeyd edib.

Onun sözlərinə görə, Ankara Vaşinqtonun Tehranın nüvə proqramına dair mövqeyi ilə açıq-aydın razılaşmır.

Son vaxtlar Türkiyə liderləri dəfələrlə bəyan ediblər ki, İran nüvə proqramını yalnız mülki məqsədlər üçün hazırlayır. Ankara onu da istərdi ki, "P5+1" formatında İran və Qərb ölkələri arasında nüvə problemi ilə bağlı danışıqların növbəti raundu Türkiyədə keçirilsin.

"İranın belə addım üçün motivasiyası başa düşüləndir. İran rəhbərliyi hesab edir ki, Türkiyə onun maraqlarını dəstəkləyəcək", - Koen bildirib.

"Türkiyənin dünyəvi dəyərlərdən geri çəkilməsi ilə yanaşı, islam həmrəyliyinin artması və NATO və ABŞ ilə davam edən fikir ayrılıqları Vaşinqtonda Ankaraya qarşı münasibətdə bədbinliyin artmasına xidmət edir", - o hesab edir.

"ABŞ hökuməti və Konqres türk həmkarlarına izah etməlidir ki, Türkiyə Transatlantik ittifaqda qalmaqla nə qazana bilər və onun orbitindən çıxmaqla nə itirə bilər", - Koen vurğulayıb.

Xəbər lenti

Xəbər lenti