Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir T.Konyayeva/
Bütün iştirakçılar kompromisə getməyə hazır olmayanadək danışıqlarda irəliləyiş əldə olunmayacaq. İranın BMT-dəki ilk daimi nümayəndəsi Mənsur Fərhəng (Mansour Farhang) belə hesab edir.
"Hansısa irəliləyişə nail olunacağına şübhə edirəm, çünki hər iki tərəf öz bəyanat və mövqelərində hələ də təkid edir. Onların kompromis variant ola biləcək ümumi məqsədləri yoxdur", - Beninqton kollecinin professoru Fərhəng Nyu-Yorkdan telefonla Trend-ə bildirib.
Noyabrın əvvəllərində İran nüvə proqramı üzrə danışıqların noyabrın 23-də və ya dekabrın 5-də İstanbulda keçirilməsini təklif edib. Bu təklif Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştona ünvanlanan məktubda irəli sürülüb. KİV-in məlumatına görə, çox güman ki, Eşton danışıqların dekabrın 5-də keçirilməsi təklifini qəbul etmək fikrindədir. Lakin sammitin keçiriləcəyi yer kimi Cenevrənin seçilməsi təklif olunur.
Fərhəng güman edir ki, danışıqlarda irəliləyiş mümkün deyil, çünki İran uranın zənginləşdirilməsi proqramı barədə güzəştə getmək istəmir. ABŞ isə İrana getdikcə daha çox iqtisadi və siyasi təzyiqlər göstərməklə sanksiya və danışıqların uyğunlaşdırılmasını nəzərdə tutan "ikili yol" siyasətini həyata keçirməkdə davam edir.
İndiyədək BMT TŞ İranın nüvə proqramını dayandırması üçün altı qətnamə qəbul edib, onlardan dördü İran əleyhinə iqtisadi və bəzi siyasi sanksiyaları nəzərdə tutur, ikisi xəbərdarlğı ehtiva edir.
9 iyunda BMT TŞ Tehran barəsində onun uranın zənginləşdirilməsi üzrə işləri dayandırmaqdan imtina etməsi ilə əlaqədar daha kəskin sanksiyaları nəzərdə tutan yeni qətnamənin qəbuluna səs verib. Bu qətnamədən sonra ABŞ Konqresi İrana qarşı birtərəfli qaydada sanksiyalar qəbul edib.
Fərhəngin sözlərinə görə, danışıqlarda uğura nail olmaq üçün Qərb ölkələrinin İranın nüvə proqramına malik olmaq hüququ ilə razılaşmaları və İran tərəfinin BAEA müfəttişlərinə bu ölkənin nüvə sahəsindəki fəaliyyətinin sülh xarakteri daşıdığını təsdiqləmələri üçün nüvə obyektlərinə qeyd-şərtsiz girişə icazə verməsi lazımdır.
"Lakin qarşıdakı danışıqlarda bunun baş verəcəyini düşünmürəm", - o, deyib.
ABŞ və bir sıra Qərb dövlətləri İranı sülhyönlü atom proqramı pərdəsi altında hərbi məqsədlərlə nüvə silahının hazırlanmasında ittiham edir. Tehran bütün ittihamları təkzib edir və bəyan edir ki, NSYM-in (Nüvə Silahının Yayılmaması üzrə Müqavilə) üzvü kimi sülh məqsədlərlə nüvə texnologiyalarından istifadə etməyə tam hüququ var.
Fərhəng hesab edir ki, İran şübhəsiz ki, uranın zənginləşdirilməsi üzrə öz proqramını davam etdirəcək və heç bir şəraitdə nüvənin işlənməsini dayandırmayacaq.
"Ola bilsin ki, onlar zənginləşdirmənin tam dayandırılması deyil, ciddi iqtisadi və siyasi güzəştlər müqabilində uranın silah istehsalı üçün kifayət etməyən, müəyyən səviyyədə zənginləşdirilməsi barədə razılığa gəlsinlər", - o, deyib.
Ekspert hesab edir ki, hər iki tərəf əsas məsələlərlə bağlı kompromis həll tapmayanadək yaranmış çətin vəziyyətdən çıxış mümkün olmayacaq.
"Əks halda bu danışıqlar sonsuzluğa qədər davam edə bilər. Çünki ABŞ hərbi qüvvə tətbiq etməyə hazır deyil, İran isə nüvə proqramının istisnasız olaraq dinc xarakter daşıdığını iddia edir", - Fərhəng bildirib.