...

Avropa Parlamenti Azərbaycan XİN-in notasına bazar ertəsi cavab verəcək – Rolan Kobia

Siyasət Materials 24 Dekabr 2010 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Y.Ostapenko/

Avropa Parlamentinin ofisinin Tomaş Porebanın qanunsuz səfəri ilə bağlı Azərbaycan XİN-in notasına yazılı cavabı Azərbaycan tərəfinə bazar ertəsi veriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Avropa Parlamentinin Bakı ofisinin rəhbəri Rolan Kobia bildirib.

Avropa Parlamentinin deputatı Poreba bu yaxınlarda Ermənistana səfəri çərçivəsində rəsmi Bakıya xəbər vermədən separatçı Dağlıq Qarabağda da olub.

"O, Dağlıq Qarabağda tanınmamış respublikanın rəhbərliyi ilə görüşlər keçirib və Qarabağ münaqişəsinin nizamlanmasına, regiondakı vəziyyətə və ikitərəfli münasibətlərə aid məsələləri müzakirə edib", - Ermənistan KİV-i məlumat verib.

Çərşənbə axşamı Avropa Parlamenti nümayəndəsinin Dağlıq Qarabağ ərazisinə getməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobiaya və Polşanın Azərbaycandakı səfiri Mixal Labendaya etiraz notası təqdim edib.

"Ermənistan üzrə məruzəçi olaraq başa düşürəm ki, yalnız region haqqında geniş məlumata malik olmaqla obyektiv və hərtərəfli məruzə hazırlaya bilərəm. Həm Ermənistana, həm də Dağlıq Qarabağa qeyri-rəsmi səfərimin məqsədi vəziyyəti kənardan deyil, hadisə yerində öyrənməkdən ibarət olub", - Poreba cümə axşamı Trend-ə bildirib.

"Poreba öz hesabatını qərəzsiz tərtib etmək fikrində idisə, onda Ermənistana getməzdən əvvəl Azərbaycanın rəsmi dairələri ilə də bu məsələni muzakirə edib, bizim mövqeyimizi və səfərə münasibətimizi öyrənə bilərdi", - Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov bildirib.

"Azərbaycanın işğal olunmuş ərazilərinə hətta müvəqqəti də olsa səfər etmək üçün Azərbaycan tərəfinin icazəsini almaq lazımdır", - o, qeyd edib.

Azərbaycan XİN Avropa Parlamentinin deputatı Tomaş Porebanı "persona non qrata" elan edib. Poluxovun sözlərinə görə, onun "qara siyahı"ya salınması öz addımının nəticəsidir və bu, onun qərəzsiz mövqe tutmasını böyük şübhə və sual altına qoyur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti