...

AXCP ilə Müsavat arasında gərginlik yarana bilər - partiya lideri Pənah Hüseyn

Siyasət Materials 28 Yanvar 2011 16:48 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının birləşməsi istiqamətində əldə olunan nailiyyətlər davam etdirilməsə, iki partiya arasında gərginlik yarana bilər.
AXCP ilə Müsavat arasında gərginlik yarana bilər - partiya lideri Pənah Hüseyn

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının birləşməsi istiqamətində əldə olunan nailiyyətlər davam etdirilməsə, iki partiya arasında gərginlik yarana bilər. Bunu cümə günü Trend-ə Xalq Partiyasının lideri Pənah Hüseyn bildirib.

"Əlbəttə, müəyyən narahatlıqlar var və əldə olunan nailiyyətlər davam etdirilməsə, iki təşkilat arasında gərginlik yarana bilər", - Hüseyn deyib.

Onun sözlərinə görə, Müsavat və AXCP arasında sıx əməkdaşlıq münasibətləri var.

"İstər ikitərəfli qaydada, istər ictimai palatanın tərkibində bir sıra mühüm məsələlər barədə vahid mövqe olub. Birləşmə ideyası həmişə olduğundan daha geniş bir şəkildə gündəmə gəlib və müzakirə edilir. Hər iki partiyanın rəhbərliyi sıx tərəfdaşlıq və strateji əməkdaşlıq məsələlərində birgə hərəkət etmək iradəsində olduqlarını bəyan edirlər. Bununla bir mərhələ başa çatıb", - Hüseyn qeyd edib.

Hüseyn hesab edir ki, birləşmə məsələsində hələlik fasilə yaranıb.

"Müsavat rəhbərliyinin fikirlərində təşkilatların birləşmə istiqamətindəki irəliləyişlərdə bundan sonrakı mərhələdə bir pauza götürmək ifadə olunur. Hətta dolayısı yolla Müsavat Partiyasının belə bir qərarı olmasına da işarə olunur. Sözün doğrusu, bəzi ifadələri kənara qoysaq, hesab edirəm ki, bu gün irəliyə doğru xeyli yol keçilib. Mən belə hesab edirəm ki, ümumi maraqlar imkan verir ki, bu mərhələ az fəsadla başa çatsın", - o qeyd edib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyalarının birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat partiyasına birləşmək haqqında qərar qəbul olunub.

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bir müddət öncə Trend-ə verdiyi məlumatda qeyd edib ki, partiya Məclisinin qərarı ilə AXCP ilə birləşmə məsələsinə son qoyulub.

Xəbər lenti

Xəbər lenti