...

İranın ölkədəki etiraz ab-havasına reaksiyası Misirdəkindən sərt olacaq – Aleksandr Rar

Siyasət Materials 16 Fevral 2011 09:00 (UTC +04:00)
İranın ölkədəki etiraz əhval-ruhiyyəsinə reaksiyası Misirdəkindən sərt olacaq və İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri çətin ki, Misirdəki təhlükəsizlik qüvvələrinin timsalında öz əhalisinə qarşı humanist münasibət göstərsinlər. Almaniya Xarici Siyasət Şurasının "Rusiya-Avrasiya" Mərkəzinin direktoru, Trend-in Ekspert Şurasının üzvü Aleksandr Rar (Alexandr Rahr) belə hesab edir.
İranın ölkədəki etiraz ab-havasına reaksiyası Misirdəkindən sərt olacaq – Aleksandr Rar

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Tarıverdiyeva/

İranın ölkədəki etiraz əhval-ruhiyyəsinə reaksiyası Misirdəkindən sərt olacaq və İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri çətin ki, Misirdəki təhlükəsizlik qüvvələrinin timsalında öz əhalisinə qarşı humanist münasibət göstərsinlər. Almaniya Xarici Siyasət Şurasının "Rusiya-Avrasiya" Mərkəzinin direktoru, Trend-in Ekspert Şurasının üzvü Aleksandr Rar (Alexandr Rahr) belə hesab edir.

"Biz artıq ötən il İrandakı etirazların şahidi olmuşuq, o vaxt adlandırıldığı kimi "yaşıl inqilab" hərbçilər tərəfindən çox sərt dayandırıldı: bütün Qərb müşahidəçiləri və jurnalistlər sürgün edildilər və yaxud həbs olundular, - Rar Berlindən telefonla Trend-ə bildirib. - Yəni İran rejimi hər şeyə daha sərt reaksiya verir. Avropadakı, daha doğrusu, Çexiya və ya Polşadakı məxməri inqilablarla müqayisə etsək İranda gərginlik zamanı vəziyyət daha çox rumın ssenarisi kimi inkişaf edəcək".

Bazar ertəsi, fevralın 14-də Tehranda saat 11:30-da Misir və Tunis xalqlarına əvvəlcədən planlaşdırılan dəstək aksiyasının keçirilməsinə başlanılıb. Məlumata görə, nümayişlər İranın İsfahan, Şiraz və Kirmanşah şəhərlərində də keçirilir. Müxalifətin rəsmi kaleme.com saytının məlumatına görə, Şiraz və İsfahan şəhərlərində küçələrə 1000-dən artıq nümayişçi çıxıb, polis mitinq iştirakçılarını qovmağa cəhd edib.

İran milli təhlükəsizlik qüvvələri Tehran şəhərində Azadi və İnqilab meydanlarında aksiyanın dağıdılması zamanı mitinq iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

İranın bir çox şəhərlərində, xüsusilə də Tehranda mobil rabitə kəsilib.

Tehranda keçirilən kütləvi aksiya zamanı ən azı 1 nəfər həlak olub, onlarla adam yaralanıb, 100-dən artıq etirazçı həbs edilib.

Lakin, Rarın sözlərinə görə, İranda həqiqətən rejimdən böyük narazılıq var, xüsusilə də iranlıların gənc nəsilləri internetdən istifadə edirlər, xarici dillərdə danışırlar, ümumilikdə onlar nisbətən irəli gediblər. O hesab edir ki, gənclər Misirdəki kimi artıq 30 ildir mövcud olan islamçı dövlətdə yaşamaq istəmirlər.

Rar deyib ki, Misirdə iğtişaşlar başlarkən hər şeyin Mübarəkin gedişi ilə başa çatacağına inanmaq çətin idi.

"Avropalılarda qabaqcadan hasil olan belə bir yanlış fikir mövcuddur ki, ərəb dünyasında ya korrupsiyaya uğramış tam diktatura, ya da onun imperativi - islamizm mövcuddur. Lakin ərəb ölkələrindəki və islam dövlətlərindəki gənc nəsil son vaxtlar özünü daha çox büruzə verir", - o deyib.

Ekspertin sözlərinə görə, onlar mütəşəkkil deyillər, lakin acıqlıdırlar və dəyişikliklər tələb edirlər. Odur ki, hadisələrin inkişafının Misir ssenarisinin İranda da təkrarlanması tamamilə mümkündür.

Misirdə son onilliklər ərzində hökumət əleyhinə ən irimiqyaslı etiraz aksiyaları keçirilib. Müxtəlif şəhərlərdə minlərlə adam prezident Hüsni Mübarəkin istefası və parlamentin buraxılması tələbi ilə küçələrə çıxıblar. Azı 300 nəfər həlak olub, 4 mindən artıq adam xəsarət alıb. Nümayişçilər Qahirənin Təhrir meydanına yığışaraq Mübarəkin dövlət başçısı vəzifəsindən getməsini tələb ediblər. Nəticədə cümə günü Mübarək istefaya getdiyini bəyan edib, ölkəyə rəhbərlik isə Silahlı Qüvvələrin Ali Şurasına tapşırılıb.

Xəbər lenti

Xəbər lenti