Nümayəndə heyətinin tərkibi dəqiqləşdirilib (ilk xəbər saat 11:31-də yayılıb)
Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Tariverdiyeva/
ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq fevralın 24-də Bakıya gələcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ABŞ səfirliyindən məlumat verilib.
"ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq Tbilisidən Bakıya gələcək", - səfirliyin nümayəndəsi bildirib.
Səfirliyin nümayəndəsinin sözlərinə görə, regiona səfərində Staynberqi dövlət katibinin köməkçisi Filipp Qordon müşayiət edəcək.
Ermənistan KİV-in bu ölkənin XİN-in mətbuat katibi Tiqran Balayana istinadən yaydığı məlumata görə, dövlət katibinin müavini Ceyms Staynberqin başçılıq etdiyi nümayəndə heyəti fevralın 23-də Ermənistana da səfər edəcək.
ABŞ-ın yüksək çinli dövlət məmurları 2010-cu ilin yayında Azərbaycana səfər ediblər. O vaxt Bakıya Pentaqonun rəhbəri Robert Qeyts və ABŞ dövlət katibi Hillari Klinton gəlmişdi.
2010-cu ilin dekabrında il yarımlıq fasilədən sonra Prezident Barak Obama Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edib.
ABŞ Konstitusiyasına görə, prezidentin irəli sürdüyü namizədlər ABŞ Konqresinin Senatında təsdiq olunmalıdır. Lakin Konqres sessiyalararası tətildə olduqda prezident təkbaşına kadr təyinatları edə bilər.