...

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda uğurlar əldə olunub

Siyasət Materials 9 Aprel 2011 10:45 (UTC +04:00)
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda uğurlar əldə olunub. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev forumun başa çatmasına həsr olunmuş mətbuat konfransında bildirib.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda uğurlar əldə olunub

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda uğurlar əldə olunub. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev forumun başa çatmasına həsr olunmuş mətbuat konfransında bildirib.

Nazir beş qitə arasında mədəni dialoqun davam etdirilməsi üzrə "5А" platformasının əsasının qoyulmasını, eləcə də şəhərlərin mədəniyyətlərarası dialoqa cəlb edilməsi ilə bağlı müzakirələri forumun uğuru hesab edib. Onun sözlərinə görə, ayrı-ayrı şəhərlərin mədəniyyətlərarası dialoqun obyekti kimi iştirakı göstərdi ki, mədəniyyətlər arasında dialoq qlobal mövzudur, bununla belə, yerli xarakter daşıyır. "Forum həmçinin gənclərlə daha yaşlı nəsil arasında müzakirələr üçün platforma oldu. Bu göstərdi ki, nəsillər arasındakı dialoq istisnasız, mühüm önəm daşıyır", - Qarayev bildirib.

Nazirin sözlərinə görə, forum dünyanın 80 ölkəsindən 450-ə yaxın nümayəndəni bir yerə toplamaqla, böyük maraq doğurub. "Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı göstərdi ki, Azərbaycan üçün Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu necə mühüm əhəmiyyətə malikdir", - Qarayev deyib.

Onun sözlərinə görə, bu mövzu ilə bağlı Bakıda ildə 2-3 dəfə forum təşkili planlaşdırılır. " Mədəniyyətlərarası dialoq mövzusu cəmiyyət və dövlət tərəfdən yeni ideyalarla, baxışlarla qidalanmalıdır", - Qarayev bildirib.

Aprelin 7-dən 9-dək Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forum sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunub. Forumda mədəniyyətlərarası dialoq problemlərinin konseptual, idarəetmə, siyasi və praktiki aspektləri nəzərdən keçirilib.

Forumda dünya liderləri və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri və turistlər, deputatlar və diplomatlar, hakimiyyət orqanlarının nümayəndələri, ekspertlər və mədəniyyət üzrə mütəxəssislər, QHT və müəssisələrin nümayəndələri, tanınmış ziyalılar və digərləri iştirak ediblər.

Mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu YUNESKO, BMT-nin Sivilizasiyalıar Alyansı, Aİ, Aİ-nin Şimal-Cənub mərkəzi, İSESKO, eləcə də "Avronyus" tərəfindən dəstəklənib.

Xəbər lenti

Xəbər lenti