...

Azərbaycanın xarici işlər naziri ATƏT PA-nın sədrini qəbul edib

Siyasət Materials 13 May 2011 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Məmmədyarov ATƏT-in əhəmiyyətli beynəlxalq təşkilat olduğunu qeyd edib və Azərbaycanın bu təşkilatla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları ətrafında fikir mübadiləsi aparılıb. Nazir Məmmədyarov Ermənistan Silahlı Qüvvələrinin bu gün də Azərbaycanın ərazilərini işğal altında saxlaması və Ermənistan tərəfindən azərbaycanlı əhalinin həmin ərazilərdən qovulmasının münaqişənin həlli prosesini daha da mürəkkəb bir vəziyyətə gətirdiyini bildirib.

Məmmədyarov münaqişənin sülh yolu ilə həlli istiqamətində atılacaq ilk addımın Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından ibarət olduğunu vurğulayaraq, erməni tərəfinin bu addımının regiondakı siyasi mühitə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. Ermənistan rəhbərliyinin silah və zor hesabına sərhədlərin dəyişdirilməsi ilə bağlı mövqeyinin müasir dünyada mövcud beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə zidd və qəbuledilməz olduğu qonağın diqqətinə çatdırılıb.

Eftimiu Azərbaycanın əməkdaşlığını yüksək qiymətləndirərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığı və bu münaqişənin həllinin uzanmış olması fikri ilə tam razı olduğunu bildirib. O, təmsil etdiyi təşkilatın bütün üzv ölkələrini bu münaqişənin tezliklə həllinə nail olması üçün töhfələrini verməkdə çağırmağa davam edəcəyini qeyd edib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti