...

Makedoniyanın hakim partiyası Azərbaycan həqiqətlərinin yayılmasında səylərini artıracaq

Siyasət Materials 8 İyun 2011 11:42 (UTC +04:00)
Millət vəkili Skopyedə Makedoniya Türk Demokrat Partiyasının rəhbəri Kənan Hasip və dövlət naziri Hadi Nezir ilə görüşüb.
Makedoniyanın hakim partiyası Azərbaycan həqiqətlərinin yayılmasında səylərini artıracaq

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Millət vəkili Skopyedə Makedoniya Türk Demokrat Partiyasının rəhbəri Kənan Hasip və dövlət naziri Hadi Nezir ilə görüşüb.

Trend-in məlumatına görə, millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Makedoniyaya səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Türk Demokrat Partiyasını rəhbəri, millət vəkili Kənan Hasip və partiyanın üzvləri ilə görüşüb.

Kənan Hasipin rəhbərlik etdiyi Türk Demokrat Partiyası iyunun 5-də keçirilən parlament seçkilərinə hazırda iqtidarda olan Makedoniya Milli Birlik partiyası (VMRO) ilə koalisiya şəklində qatılıb. Parlament seçkilərindəbu koalisiya qalib gəlib.

Millət vəkili partiyanın qərargahında həmçinin Makedoniyanın türk mənşəli dövlət naziri Hadi Nezirlə görüşdə onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, bu gün də onlarla Azərbaycan türklərinin Ermənistanda əsir və girov saxlanılması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinə rəsmi İrəvanın məhəl qoymaması barədə məlumatlar verib.

Millət vəkili Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində Türk Demokrat Partiyasının öz səylərini daha da artıracağına inandığını da deyib. Qənirə Paşayeva onlara Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycana dəvət edib.

Azərbaycanı sevdiklərini deyən partiya sədri, millət vəkili Kenan Hasip və dövlət naziri Hadi Nezir böyük məmnuniyyətlə Azərbaycana səfər etmək istədiklərini, həm ölkələri, həm də Azərbaycan türkləri ilə Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük imkanları nəzərə alaraq ikitərəfli səylərin daha da artırılmasının vacibliyini vurğulayıblar. Azərbaycanın sürətlə inkişaf etməsinə sevindiklərini deyən Kenan Hasip və Hadi Nezir qeyd ediblər ki, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin artırılması, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində öz səylərini bundan sonra daha da artıracaqlar.

Xəbər lenti

Xəbər lenti