Gürcüstan, Tbilisi, 27 iyun /Trend, müxbir N.Kirsxaliya/
Dünən axşam Gürcüstanın Rikoti aşırımında avtomobillərin hərəkəti bərpa olunub. Jurnalistlərə regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvilinin bildirdiyinə görə, Şərqi Gürcüstanı Qərbi Gürcüstanla birləşdirən avtomobil magistralı üzrə hərəkət bərpa olunub.
"Daşqınlar və torpaq sürüşməsi nəticəsində ciddi şəkildə zədələnən yolun 25-ci kilometrliyinin bərpasında Gürcüstanın 8 tikinti şirkəti və digər şirkətlər, mühəndis-texniki heyətin 500-dən çox işçisi və mütəxəssisi iştirak edib", - o bildirib.
Rikoti aşırımında daşqın və torpaq sürüşməsi nəticəsində iyunun 19-da Mərkəzi Gürcüstanda 6 nəfər - yolun yaxınlığındakı restoranın işçiləri həlak olub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına Gürcüstan hökuməti 14 milyon lari ayırıb.
Gürcüstan Prezidenti fəlakətin nəticələrinin qısa müddət ərzində aradan qaldırılması ilə bağlı tapşırıq verib. Belə ki, bu, turizm mövsümü ərəfəsində və Azərbaycan və Ermənistana avtomobil daşımalarının təmini üçün lazımdır.