...

Daxili Qoşunların zabitləri üçün yeni xidməti yataqxana istifadəyə verilib

Siyasət Materials 2 Avqust 2011 15:58 (UTC +04:00)
Daxili Qoşunların Hacıqabul şəhərində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabitlər üçün yeni tikilmiş xidməti yataqxana binası istifadəyə verilib.
Daxili Qoşunların zabitləri üçün yeni xidməti yataqxana istifadəyə verilib

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir T.Hacıyev/

Daxili Qoşunların Hacıqabul şəhərində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabitlər üçün yeni tikilmiş xidməti yataqxana binası istifadəyə verilib. Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu münasibətlə çərşənbə axşamı keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Daxili işlər nazirinin müavini, Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov çıxış edərək yataqxana kompleksinin açılışının Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri olduğunu qeyd edib, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara xüsusi diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib, yeni binanın tikintisində əməyi olan bütün şəxslərə, həmçinin daxil işlər nazirinə DQ-nin komandanlığı və şəxsi heyəti adından minnətdarlığını bildirib.

Yataqxanada mənzillə təmin olunmuş mayor Zaur Bağırov, zabitlərdən birinin ailə üzvü Hürü Yusifova çıxış edərək onlara göstərilən diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə rəhbərliyinə təşəkkür ediblər.

Daha sonra nazir Usubov çıxış edərək yeni mənzillərlin sahiblərini və ailə üzvlərini təbrik edib, onlara xidməti fəaliyyətdə uğurlar arzulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını vurğulayıb. Qeyd olunub ki, bütün bunlar cinayətkarlıqla mübarizənin, ictimai asayişin nümunəvi şəkildə qorunub saxlanmasında, döyüş hazırlığının daha da yüksəldilməsində mühüm rol oynayıb.

"Son illər DİN-in Daxili Qoşunları üçün də onlarca müxtəlif təyinatlı obyekt, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri tikilib istifadəyə verilib. Hacıqabulda yeni xidməti yaşayış evinin istismara verilməsi də cənab Prezidentin Daxili Qoşunlara göstərdiyi ali diqqət və qayğının növbəti təzahürüdür", - Usubov əlavə edib.

O, bu ali diqqətə hərbi qulluqçuların əməli fəaliyyətlə - cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin edilməsində, xidməti və döyüş tapşırıqlarının yerinə yetirilməsində yeni uğurlarla cavab verəcəklərinə əmin olduğunu bildirib.

Nazir mənzillərin orderlərini sahiblərinə təqdim etdikdən sonra binanın açılışını bildirən qırmızı lenti kəsib. Yeni tikili barədə ona məlumat verilib və qeyd olunub ki, ötən ilin mayında tikilməyə başlanmış yaşayış binasının sahəsi 6100 kvadratmetrdir. Beşmərtəbəli binada 68 mənzil var. Binanın ətrafında 7500 kvadratmetr ərazi abadlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti