...

Yavər Camalov: Azərbaycanda bu il müdafiə sənayesi məhsullarının çeşidlərinin sayı 700-ə çatdırılacaq

Siyasət Materials 4 Oktyabr 2011 12:47 (UTC +04:00)
Azərbaycanda bu ilin sonuna kimi müdafiə sənayesi nazirliyinin istehsal etdiyi məhsulların çeşidlərinin sayı 700-ə çatdırılacaq.
Yavər Camalov: Azərbaycanda bu il müdafiə sənayesi məhsullarının çeşidlərinin sayı 700-ə çatdırılacaq

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bu ilin sonuna kimi Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulların çeşidlərinin sayı 700-ə çatdırılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov nazirlikdə keçirilən "Dövlət müstəqilliyinin bərpasından keçən iyirmi ildə müdafiə sənayesində əldə olunmuş nailiyyətlər və perspektivlər" adlı yığıncaqda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müdafiə sənayesi sahəsinin inkişaf etdirilməsi məqsədilə nazirliyin tabeli müəssisələrində əsaslı təmir, yenidənqurma işləri aparılıb və 30 yeni istehsal sahəsi yaradılıb. Yaradılan yeni istehsal sahələri Azərbaycan Respublikası Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün bütün gücü ilə çalışır.

Nazir qeyd edib ki, istehsalı mənimsənilmiş məhsullar sırasında uzaq məsafəli minaatanlar, snayper tüfəngi, əl qumbaraatanı, müxtəlif növ tank əleyhinə minalar, optik nişangahlar, aviasiya təlim bombaları, maskalanma toru, müxtəlif döyüş sursatları və bir sıra digər məmulatlar var.

2010-cu ildə Dövlət Мüdafiə Sifarişi Proqramında nəzərdə tutulmuş müdafiə təyinatlı məmulatların yaradılması üzrə aparılmış işlər 2007-ci illə müqayisədə 5,3 dəfə artıb.

Cari ilin 8 ayında ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb ki, bunun da tərkibində müdafiə təyinatlı məmulatların xüsusi çəkisi 52,7 faiz təşkil edir.

2006-cı ildə bütün məhsullar üzrə çeşidlərin sayı 175 olduğu halda, cari ilin 8 ayının yekunlarına görə 615-dir. İlin sonuna kimi bu rəqəmin 700-ə çatdırılacağı proqnozlaşdırılır.

Hazırda nazirliyin tabeli müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud olan istehsal bazasından istifadə etməklə, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. Məhz onun nəticəsidir ki, son 4 ildə müəssisələrdə mülki məmulatların istehsal həcmi 2,2 dəfədən çox artıb.

2009-cu ildən başlayaraq, nazirliyin müəssisələrində istehsal olunan müdafiə və mülki təyinatlı məmulatlar Beynəlxalq Müdafiə Sənayesi Sərgilərində nümayiş etdirilir. Bu günədək Müdafiə Sənayesi Nazirliyi 10-dan çox beynəlxalq sərgidə təmsil olunub.

Ötən müddət ərzində nazirliyin qarşısında duran əsas prioritet məsələlərdən biri də sahənin ixtisaslı kadrlarla təmin edilməsi olub. Artıq bu istiqamətdə də müəyyən nailiyyətlər əldə edilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ildən etibarən Azərbaycan Texniki Universitetində sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə Xüsusi texnika və texnologiya fakültəsi və müvafiq kafedralar yaradılıb.

Sonda yığıncaq iştirakçıları bildirdilər ki, respublikanın hərbi potensialının artırılması məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin qısa müddət ərzində əldə etdiyi bu uğurlara məhz ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu sahəyə ayırdığı xüsusi diqqət nəticəsində nail olunub.

Xəbər lenti

Xəbər lenti