Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
Azərbaycanda rəsmi səfərdə olan Avstriyanın Federal Prezidenti Haynts Fişer çərşənbə günü Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Trend-in məlumatına görə, ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üstünə tər güllər düzüb.
Prezident Haynts Fişer həmçinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Avstriya Respublikasının Prezidenti Haynts Fişer "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Avstriyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Sonra Avstriya dövlətinin başçısı Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdi. Ali qonağa paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.