...

Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib (FOTO)

Siyasət Materials 24 Oktyabr 2011 18:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 24-də Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.
Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 24-də Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq 2011-ci ilin ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olduğunu, respublika qarşısında duran əsas sosial-iqtisadi məsələlərin həllini tapdığını bildirdi, bunu rəqəmlərlə izah edib.

Prezident İlham Əliyev ölkədə güclü sənaye potensialının yaradılması vəzifəsinin də uğurla həyata keçirildiyini, istehsal müəssisələrinin fəaliyyətinin gücləndirildiyini deyib.

Dövlətin özəl sektorun inkişafına diqqətinin bu ilin doqquz ayında da davam etdiyini deyən Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində də ciddi nailiyyətlərin əldə olunduğunu, gələn il bu sahədə böyük proqramların icra ediləcəyini bildirib. Qeyd olunub ki, bu ilin doqquz ayında kənd təsərrüfatı istehsalı 7,6 faiz artıb. Bu dövrdə ölkənin maliyyə vəziyyəti daha da yaxşılaşıb, valyuta ehtiyatlarımız artıb. Azərbaycanın valyuta ehtiyatları 11 milyard dollar artaraq 40 milyard dolları keçib. Bütün bunlara isə iqtisadi inkişafın uğurları nəticəsində nail olunub.

Aztəminatlı təbəqənin sosial cəhətdən daha yaxşı müdafiəsi üçün ciddi addımların atıldığını deyən dövlətimizin başçısı bildirib ki, ünvanlı sosial yardım proqramının icrası 113 min ailəni əhatə edir, bu təbəqədən olan hər ailəyə orta hesabla 130 dollar yardım verilir. Azərbaycanda həyata keçirilən son pensiya artımının uğurla icra olunduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, ölkədə işsizliyin aradan qaldırılması ilə bağlı böyük işlər görülüb. Hazırda işsizliyin səviyyəsi 5,5 faizdir. Bu il regionlarda uğurlu investisiya layihələrinin icra edildiyini, yeni iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlərin görüldüyünü deyən dövlətimizin başçısı bildirib ki, son doqquz ayda ölkədə 74 min yeni iş yeri açılmışdır ki, onlardan 50 mini daimidir. Bununla da son səkkiz ildə Azərbaycanda açılan iş yerlərinin sayı 950 minə çatıb.

Prezident İlham Əliyev onu da deyib ki, paytaxt qəsəbələrinin inkişafı ilə bağlı proqramın icrası davam etdirilir, abadlıq-quruculuq işləri aparılır, infrastruktur yenilənir, məşğulluq problemləri həll olunur.

Dövlətimizin başçısı ölkə üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub və bu məsələdə hələ ki, ciddi nəticəyə nail olunmadığını bildirib.

Prezident İlham Əliyev ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunu Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması ilə bağlı keçirilən səsvermənin də təsdiqlədiyini vurğulayıb. Dövlətimizin başçısı bu məsələ ilə bağlı Ermənistanın da namizədliyini irəli sürdüyünü, amma Azərbaycan ilə rəqabət apara bilməyəcəyini anlayaraq geri çəkildiyini xatırladıb.

Prezident İlham Əliyev BMT-də 113 ölkənin Azərbaycana dəstək verməsini müstəqilliyimizin 20 ili ərzində qazandığımız nüfuzun məntiqi nəticəsi kimi xarakterizə edib.

Sonra maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abasov və nəqliyyat naziri Ziya Məmmədov bu ilin doqquz ayında sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən tədbirlərdən danışıblar.

Prezident İlham Əliyev yekun çıxışında ilin sonuna qədər nəzərdə tutulan proqramların icra edilməsinin vacibliyini vurğulayıb.

Bildirib ki, ilin sonunadək makroiqtisadi sabitlik qorunub saxlanılacaq. "Bu il əhalinin pul gəlirləri 19 faiz artıb və bu gəlirlər inflyasiyanı 2 dəfədən çox üstələyib", - deyən dövlətimizin başçısı yaxın vaxtlarda Milli Məclisdə müzakirə ediləcək gələn ilin dövlət büdcəsinin investisiya və sosialyönümlü olmasının vacibliyini qeyd edib. "Gələn il dövlət büdcəsinin xərcləri 22 milyard dollar, icmal büdcə isə 25 milyard dollar səviyyəsində olacaqdır", - deyən Prezident İlham Əliyev bu göstərici üzrə Azərbaycanın dünyada ön sıralarda olduğunu bildirib.

2012-2013-cü illərdə əsas infrastruktur layihələrinin icrasının həyata keçirilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı elektrik enerjisi istehsalının artırılacağını, bərpa olunan enerji layihələrinin icra olunacağını, ixracyönümlü sənaye potensialının yaradılacağını deyib.

Prezident İlham Əliyev yeni hədəf də müəyyənləşdirib. Dövlətimizin başçısı qeyd edib ki, növbəti 10 ildə Azərbaycanda ÜDM ən azı iki dəfə artmalıdır.

Ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının inkişafının, mövcud bazarlara daha böyük həcmdə məhsulların ixrac edilməsinin, yeni emal müəssislərinin yaradılmasının, sahibkarlığın inkişafının və xaricə investisiyaların qoyulmasının əhəmiyyətindən danışan Azərbaycan Prezidenti korrupsiya ilə mübarizənin daha da gücləndirilməsinin vacibliyinə toxunub.

Dövlətimizin başçısı informasiya-kommunikasiya texnologiyalarının və neft-qaz sektorunun inkişafı ilə bağlı tədbirlərin davam etdiriləcəyini, "Abşeron" yatağının kəşf olunması ilə Azərbaycanın qaz ehtiyatlarının artıq 2,6 trilyon kubmetrə çatdığını bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, "Turizm ili"nin qeyd olunduğu Azərbaycan yaxın vaxtlarda beşulduzlu otellərin sayına görə regionda birinci olacaq və təsadüfi deyil ki, məşhur mehmanxanaların brendləri Bakını elitar turizm mərkəzi kimi qəbul edir. Bu sırada ölkəmizin tarixi şəhərlərinin bərpası istiqamətində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyət daşıyır.

Dövlətimizin başçısı Bakıda gedən inkişaf prosesləri barədə də danışıb və əmin olduğunu bildirib ki, ilin sonunadək bütün tapşırıqlar icra olunacaq.

Xəbər lenti

Xəbər lenti