...

Nikola Sarkozi: Yunanıstanın avrozonaya daxil edilməsi səhv addım idi

Siyasət Materials 28 Oktyabr 2011 17:30 (UTC +04:00)
10 il əvvəl Yunanıstanın avrozonaya daxil edilməsi səhv addım idi.
Nikola Sarkozi: Yunanıstanın avrozonaya daxil edilməsi səhv addım idi

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

10 il əvvəl Yunanıstanın avrozonaya daxil edilməsi səhv addım idi. Trend cümə günü "Lenta ru"ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Nikola Sarkozi "France2" və "TF1" telekanallarına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Yunanıstan avrozonaya inteqrasiyaya hazır olmayıb və ölkə doğru olmayan milli iqtisadi göstəricilər təqdim edib.

Eyni zamanda, Fransa Prezidenti bu günlərdə Avropa İttifaqı sammitinin qəbul etdiyi qərarın Yunanıstana borc böhranından çıxmağa imkan verəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı onu da qeyd edib ki, Avropa ölkələri Yunanıstanın borclarını ödəyə bilməzlər. Çünki bu, "domino effektinə səbəb ola və bütün dünyanın maliyyə sistemini məhv edə bilər".

Sarkozinin müsahibəsinə cavab verən Yunanıstanın xarici işlər naziri Stavros Lambrindis BBC-yə bildirib ki, bir ölkəni "qapazaltı" etməyə dəyməz. Eyni zamanda, Lambrindis İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanın da xeyli dövlət borcuna malik olduqlarını xatırladıb. O, borc böhranını "ümumavropa problemi" adlandırıb.

Yunanıstanın dövlət borcu 350 milyard avro təşkil edir ki, bunun 210 milyardı özəl maliyyə strukturlarının aktivlərindədir.

Oktyabrın 26-da keçirilən Aİ sammiti zamanı özəl sərmayədarlar tərəfindən ölkənin borclarının yarısının silinməsi barədə razılaşma əldə olunub. Yunanıstana, habelə BVF və Avropa Maliyyə Sabitliyi Fondu (AMSF) da maliyyə yardımı göstərəcək. Afinanın borclarının azaldılmasından başqa, böhranın qarşısını almaq üçün Aİ ölkələri AMSF-in yardımının bir trilyon avroyadək artırılması və bankların təkrar kapitallaşdırılmasının keçirilməsi barədə də razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti