...

İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsində görülən əsaslı işlərlə tanış olub (FOTO)

Siyasət Materials 31 Oktyabr 2011 15:25 (UTC +04:00)
İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsində görülən əsaslı işlərlə tanış olub (FOTO)

Oktyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonundan qayıdarkən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı görülən işlərlə tanış olub.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, hazırda ölkəmizdə icra olunan çoxsaylı yol-nəqliyyat infrastrukturu layihələrindən biri dövlətimizin başçısının tapşırığı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulmasıdır. Ölkəmizin mühüm regionlarını birləşdirməsi baxımından əhəmiyyət daşıyan bu yol uzun müddət əsaslı təmir edilmədən istismarda olmuşdur. Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə 2010-cu ilin martından yolun əsaslı şəkildə yenidən qurulmasına başlanıb.

Prezident İlham Əliyev burada görülən işləri əks etdirən stendlərə baxdı.

Bildirildi ki, layihə dəyəri 404 milyon dollar olan yolu fərqləndirən cəhət bəzi yerlərdə çətin dağlıq ərazidən və sürüşmə zonalarından keçməsidir. Xüsusilə mürəkkəb relyefə malik Ağsu aşırımında tez-tez baş verən sürüşmələrin magistrala ziyan vurmasının qarşısını almaq və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün ərazidə daha geniş bərkitmə və torpaq işləri aparılır. İcra müddəti iki il olan layihəyə əsasən, bütövlükdə yolun əsaslı şəkildə yenidən qurulması zamanı iki milyon 587 min kubmetr torpaq işləri görüləcək, 293 suötürücü boru quraşdırılacaq, magistral üzərindəki altı körpü sökülərək yenidən tikiləcəkdir. Yola üç lay olmaqla 357 min ton asfalt döşənəcək.

Prezident İlham Əliyev yolun vaxtında və yüksək səviyyədə yenidən qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Sonra Prezident İlham Əliyev Ağsu rayonundan qayıdarkən Şamaxıdakı "Şərədil" istirahət mərkəzi ilə tanış olub.

Bildirildi ki, son illərdə Azərbaycanda turizm infrastrukturunun yaradılması istiqamətində dövlətimiz tərəfindən ardıcıl addımlar atılır. Bu baxımdan "Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsi, 2011-ci ilin "Turizm ili" elan olunması ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar açıb.

Bildirildi ki, Mərkəzin 25 hektar ümumi sahəsi vardır. Ərazisinin dörd hektardan çox hissəsi tikintialtı sahədir. Mərkəzin əsas binasının birinci mərtəbəsində 120, ikinci mərtəbəsində isə 150 nəfərlik restoran-bar fəaliyyət göstərir. İstirahət mərkəzində VİP otaqlar və xüsusi zal vardır. Mərkəzin ərazisindəki 20 kottecdən 11-i üç, digərləri isə ikiotaqlıdır. Burada dördü ikiotaqlı, dördü isə birotaqlı olmaqla 8 nömrədən ibarət otel də vardır. Bundan başqa, mərkəzdə qolf və voleybol meydançaları, tennis kortu, uşaq əyləncə guşəsi fəaliyyət göstərir.
Prezident İlham Əliyev inşa ediləcək "Şamaxı-Qrand" otelinin layihəsi ilə də tanış oldu. Tikintisinə 2010-cu ildə başlanılan otelin gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Oteldə 95-i standart, 19-u isə lüks olmaqla ümumilikdə 114 nömrə turistlərin istifadəsinə veriləcəkdir. Oteldə hər biri 500 nəfərlik üç konfrans zalı yaradılacaqdır. Burada müxtəlif idman meydançalarının tikintisi də nəzərdə tutulub.

Dövlətimizin başçısı istirahət mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirdi, "Şamaxı-Qrand" otelinin tikintisi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti