...

Britaniya XİN İrandan öz əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsini tələb edir

Siyasət Materials 29 Noyabr 2011 20:06 (UTC +04:00)
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi İrandan təcili olaraq öz əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsini tələb edir.
Britaniya XİN İrandan öz əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsini tələb edir

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir D.Xatınoğlu/

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi İrandan təcili olaraq öz əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsini tələb edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı XİN-in saytında dərc olunan məlumatda deyilir.

Böyük Britaniya səfirliyə hücumla əlaqədar olaraq bəyan edib ki, belə hərəkətlərə yol verilməməlidir.

Vyana Konvensiyasına əsasən, İran xarici diplomatların təhlükəsizliyinə görə məsuliyyət daşıyır.

Bu gün Tehran Universitetinin tələbələri Böyük Britaniyanın Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiya zamanı Britaniyanın və İsrailin bayraqları yandırılıb. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, aksiya iştirakçıları Britaniyanın və Qərb ölkələrinin İrana qarşı yürütdüyü siyasəti pisləyiblər.
FARS agentliyinin məlumatına əsasən, aksiya iştirakçıları Böyük Britaniya səfirliyinin ərazisinə girərək, bu ölkənin bayrağını endirib yerinə İran bayrağını asıblar.

Bir müddət əvvəl İran parlamenti Britaniya ilə diplomatik və iqtisadi əlaqələrin məhdudlaşdırılması haqqında qanun qəbul edib. Parlamentarilərin əksəriyyəti iki həftə ərzində Britaniya səfirinin ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiq ediblər.

Britaniya bu ayın əvvəlində İrana qarşı sanksiyalar elan etmişdi.

Xəbər lenti

Xəbər lenti