Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir S.Ağayeva/
Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şeyx Mübarək bin Fəhd Al Taninin milli bayram münasibətilə Trend-ə müsahibəsi
- Azərbaycan və Qətər arasında əlaqələrin indiki vəziyyətini necə qiymətləndirirsiniz?
- İki xalqın müştərək dini-mənəvi, mədəni dəyərlərindən qidalanan əlaqələrin tarixi qədimdir. Bu əlaqələr yeni dövrdə, müstəqil Azərbaycan Respublikasının yaranması ilə vüsət tapmış və Qətər Dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Ötən müddət ərzində Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında, onların iki ölkə arasında bir sıra sazişlərin imzalanmasına gətirib çıxaran qarşılıqlı səfərləri sayəsində ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf etmişdir. İki qardaş xalqın əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi iki paytaxt arasında birbaşa təyyarə reyslərinin açılması ilə öz zirvəsinə çatmışdır.
- İki ölkə arasında əlaqələr hansı sahələrdə inkişaf edir və bu, hansı amillərlə bağlıdır? Digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün zəruri addımlar hansılardır?
- Qətər və Azərbaycan xalqları arasında mədəni yaxınlıq vardır. 2009-cu ildə Azərbaycanda keçirilən Qətər Mədəniyyət Günləri bu yaxınlığın praktik təcəssümü oldu, çünki ədəbiyyat, incəsənət və mədəniyyət xadimlərindən ibarət böyük bir nümayəndə heyəti Qətərin mədəniyət, incəsənət və irs nazirinin başçılığı ilə Bakıya gəldi. 2010-cu ilin əvvəlində isə Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Belə festivallar iki xalqın yaxınlaşmasına və onlar arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yardım edir. Onu da qeyd edim ki, Qətərin mədəniyyət, incəsənət və irs naziri artıq bir neçə dəfə Bakıya səfər edib.
- Cənab səfir, turizm sahəsində Azərbaycan və Qətər arasında əlaqələri necə qiymətləndirirsiniz?
- Bu sahədə əməkdaşlıq ümidverici və açıqdır. Məlumdur ki, turizm hər iki tərəf üçün kommersiya cəhətdən faydalı olan sahələrdəndir. Turizm vasitəsilə insanlar hər iki ölkənin mədəniyyəti, tarixi, abidələri ilə tanış olmaq imkanı əldə edirlər. Azərbaycan isə iqlim müxtəlifliyi cəhətdən zəngindir. Arzu edərdim ki, iki ölkə arasında birbaşa reyslərin açılması ölkələrimiz arasında əlaqələrin inkişafına yardımçı olsun.
- Yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan hansı humanitar tədbirlər var?
- Qətər Qızıl Aypara Cəmiyyəti öz azərbaycanlı həmkarları ilə əməkdaşlıq edir. Qətər Xeyriyyə Cəmiyyətinin Bakıda filialı var idi ki, o da kimsəsizlərə yardım üzrə birgə layihələr həyata keçirirdi. Məsələn, məscidlər, İslam mərkəzləri, məktəblər və s. tikirdi. Amma filial əcnəbi qüvvələrin ittihamlarına məruz qaldığına görə 1994-cü ildə fəaliyyətini dayandırdı.
- Qətər və Azərbaycan dünya qaz bazarında mühüm rol oynayırlar. İki ölkə arasında iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın perspektivlərini necə görürsünüz?
- İki ölkə arasında bu sahələrdə əməkdaşlıq imkanları genişdir. Azərbaycan tərəfinin maye qazla bağlı layihəsi vardır. Qətər Dövləti isə bu sahədə zəngin təcrübəyə malikdir. Qətər şirkətləri bu sahədə dünyada liderlik edirlər. İki tərəfin bu və digər sahələrdə əməkdaşlığı mümkündür.