...

Azərbaycanın hakim partiyası Fransanı insan hüquqları və azadlıqlarına hörmətsiz yanaşmaqda ittiham edib

Siyasət Materials 23 Dekabr 2011 13:00 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Fransanı insan hüquqları və azadlıqlarına hörmətsiz yanaşmaqda ittiham edib.
Azərbaycanın hakim partiyası Fransanı insan hüquqları və azadlıqlarına hörmətsiz yanaşmaqda ittiham edib

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası Fransanı insan hüquqları və azadlıqlarına hörmətsiz yanaşmaqda ittiham edib.

"Fransa belə bir qanunu qəbul etməklə insan hüquqları və azadlıqlarına hörmətsiz yanaşdığını bilərəkdən ifadə etmiş oldu", - Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.

Əhmədov bunu Fransanın Türkiyəyə qarşı haqsız və ədalətsiz təzyiq forması kimi qiymətləndirib.

"Ümid edirəm ki, Azərbaycan vətəndaşları da buna öz hiddətlərini bildirəcəklər. Fransa Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Əgər Fransa tarixi faktlara və hadisələrə bu qədər bitərəf və qərəzli yanaşırsa, bundan istər-istəməz hər bir Azərbaycan vətəndaşı, o cümlədən mən də müvafiq nəticə çıxarıram. Bu da ondan ibarətdir ki, Minsk qrupunun həmsədri kimi Fransanın münaqişənin nizama salınmasında ədalətli mövqe nümayiş etdirəcəyinə çox ciddi şübhələr yaranır", - YAP funksioneri vurğulayıb.

O, bildirib ki, bütün bunların hamısı, həm də bu qərarın qəbul edilməsi bir daha Azərbaycan vətəndaşlarını düşündürməlidir.

"Biz qardaş Türkiyəyə qarşı yönəlmiş hər bir hərəkəti bötüvlükdə Azərbaycana, hər bir azərbaycanlıya yönəlmiş hərəkət kimi qiymətləndiririk" - Əhmədov əlavə edib.

Cümə axşamı Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Yeni qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti