Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın solçu Yaşıllar Partiyasının sədri ölkədə solçuların inkişaf etməməsinin səbəblərini açıqlayıb.
"Postsovet ölkələrində sol ideologiyanın daşıyıcılarının az olmasının əsas səbəbi bu ölkələrdə elə sol ideologiyalardan biri olan kommunist ideologiyasının iflasa uğraması və onun əvəzində sağ ideologiyanın daha üstün mövqeyə malik olması ilə bağlıdır", - partiyanın sədri Mais Güləliyev cümə günü Trend-ə bildirib.
Onun sözlərinə görə, siyasi ideologiyaların yayılması üçün hər şeydən əvvəl bu ideologiyaların daşıyıcıları olmalıdır.
"Bu cəmiyyətlərdə, o cümlədən Azərbaycanda hələ sağ ideologiya, xüsusilə onun millətçi qolu daha cəlbedicidir", - Güləliyev bildirib.
Partiya sədri hesab edir ki, yaxın gələcəkdə sol ideologiyalar getdikcə güclənəcək. Xüsusilə, qlobal problemlər kontekstində sol ideologiyaların güclənməsi ehtimalı daha çoxdur.
Azərbaycanda solçu partiyaların sayı az olmasa da, onların fəaliyyəti hiss olunacaq dərəcədə deyil.
Azərbaycan Yaşıllar Partiyası 2006-cı ilin dekabrında yaradılıb və hələ Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb. Avropanın Yaşıllar Partiyasında müşahidəçi statusu var.