...

Avronest PA sessiyasının keçirilməsi üçün Azərbaycanın seçilməsi siyasi baxımdan ciddi nailiyyətdir - nümayəndə heyətinin sədri (MÜSAHİBƏ)

Siyasət Materials 23 Yanvar 2012 17:36 (UTC +04:00)
Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin sədri Elxan Süleymanovun Trend-ə müsahibəsi
Avronest PA sessiyasının keçirilməsi üçün Azərbaycanın seçilməsi siyasi baxımdan ciddi nailiyyətdir - nümayəndə heyətinin sədri (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin sədri Elxan Süleymanovun Trend-ə müsahibəsi

- Avronest PA təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbərisiniz. Bu təşkilat, onun strukturu haqqında məlumat verməyinizi xahiş edirəm.

- Azərbaycan Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlıq edir, 2004-cü ildən Avropa Şərq Qonşuluq Siyasəti proqramının üzvüdür. Qeyd edim ki, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus Avropa Şərq Qonşuluq Siyasətinə daxil olan ölkələrdir.

2008-ci ilin may ayında Brüsseldə Avropa İttifaqı Xarici İşlər Nazirlərinin iclası keçirildi. Bu iclasda Polşa və İsveç Avropa Şərq Qonşuluq Siyasətinə daxil olan ölkələrlə əməkdaşlığın vahid formatının təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü adlandırıldı.

Şərq Tərəfdaşlığı üzrə 7 may 2009-cu il tarixində Praqada dövlət başçılarının sammiti keçirildi. Sammit zamanı dövlət başçıları Birgə Bəyannamə qəbul etdilər. Bununla da Şərq Tərəfdaşlığı prosesinə yüksək səviyyədə rəsmi start verildi.

Bəyannamədə Şərq Tərəfdaşlığının əsas məqsədləri və prinsipləri müəyyən edildi. Bəyannamədə, həmçinin Avropa Parlamenti ilə Şərq Tərəfdaşlığı ölkələrinin parlamentlərindən ibarət birgə parlamentin təsis edilməsi nəzərdə tutulurdu. Bu birgə parlamentin eyni zamanda Avropa Parlamentinin bir qurumu kimi fəaliyyət göstərməsi nəzərdə tutulurdu. Həmin birgə parlament təsisatı Avronest Parlament Assambleyası adlandırıldı.

Nəhayət, Avronest PA-nın 2011-ci il may 3-də Brüsseldə təsisat iclası keçirildi. Qurumun Təsisat aktı imzalandı və Prosedur Qaydaları qəbul edildi. Beləliklə də, Avronest Parlament Assambleyası Avropa İttifaqı ilə Şərq Tərəfdaşları arasında yaradılmış birgə Assambleya kimi fəaliyyətə başladı.

Avronest PA-nın təsisat iclasında qurumun Bürosu və 4 komitəsi yaradıldı. Bu komitələr Siyasi Məsələlər, İqtisadi İnteqrasiya, Enerji Təhlükəsizliyi və Sosial Məsələlər komitələridir.

Bundan əlavə, təsisat iclasında 2 işçi qrupunun yaradılması barədə qərar qəbul edildi. Bunlar Prosedur Qaydaları üzrə işçi qrupu və Belarus üzrə işçi qrupudur.

Prosedur Qaydalarına əsasən, Avronest PA Avropa Parlamentinin 60, Şərq Tərəfdaşı olan hər bir ölkənin parlamentinin 10 üzvündən ibarətdir. Avronest PA plenar tərkibdən başqa, həm də Büro, daimi komitələr, işçi qrupları və katiblikdən ibarət təşkil edilib.

- Avronest PA-nın fəaliyyət istiqamətləri hansılardır?

- Avronest PA Avropa İttifaqı ilə Şərq Tərəfdaşları arasında siyasi sistemlərin yaxınlaşdırılmasını və iqtisadi inteqrasiyanı sürətləndirmək üçün parlament forumu kimi yaranıb. Bu qurum Şərq Tərəfdaşlığının güclənməsi və inkişafı üçün parlament məsləhətləşmələri aparır. O, Şərq Tərəfdaşlığının idarəetmə və nəzarətinə görə məsul olan təsisatdır.

Qurumun fəaliyyət istiqamətləri Prosedur Qaydalarında və Təsisat aktında göstərilib. Bu istiqamətlər dörd tematik platformanı əhatə edir. Bu platformalar qısa formada aşağıdakılardan ibarətdir:

1. demokratiya, qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlara hörmət, eləcə də bazar iqtisadiyyatı, davamlı inkişaf və yaxşı idarəçilik məsələləri;

2. Aİ ilə Şərq Tərəfdaşları arasında dərin və ətraflı azad ticarət zonaları şəbəkəsi yaratmaq, iqtisadi inteqrasiya;

3. qarşılıqlı enerji dəstəyi və təhlükəsizlik mexanizmləri, Şərq Tərəfdaşlarının enerji siyasətləri və qanunvericiliyinin uzlaşması;

4. Avropa İttifaqı və Şərq Tərəfdaşları ölkələrinin əhalisi arasında əlaqələrin inkişaf etdirilməsi, mədəni əməkdaşlıq, elm, təhsil, informasiya və media cəmiyyətinin inkişaf etdirilməsi.

- Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyəti nədən ibarətdir?

- Azərbaycan nümayəndə heyəti Avronest PA-nın idarəçilik orqanlarının formalaşdırılması zamanı ciddi nailiyyətlər əldə edib. Belə ki, seçkilər zamanı Fuad Muradov Enerji Təhlükəsizliyi Komitəsinin sədri, Azay Quliyev Sosial Məsələlər Komitəsinin, Asim Mollazadə isə Siyasi Məsələlər Komitəsinin sədr müavinləri seçildilər. Mən isə Avronest PA-nın vitse-prezidenti və Büro üzvü seçildim. Bundan əlavə, Rövşən Rzayev Prosedur Qaydaları üzrə işçi qrupunun həmsədridir.

Qeyd edim ki, Prosedur Qaydaları üzrə işçi qrupunun əsas məqsədi Assambleya və onun qurumları tərəfindən Prosedur Qaydalarının yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir. Bu işçi qrupu, həmçinin Prosedur Qaydalarına düzəlişlərin edilməsi üçün Büroya yazılı təkliflər təqdim edə bilər.

Göründüyü kimi, Prosedur Qaydaları üzrə işçi qrupu Avronest PA-nın çox vacib bir qurumudur. Odur ki, bizim üçün bu işçi qrupuna kimin sədr olacağı prinsipial xarakter daşıyırdı.

Məhz bu səbəbdən Ermənistan nümayəndə heyəti qısa müddəti əhatə etsə də, hər hansı bir zaman kəsiyində Prosedur Qaydaları üzrə işçi qrupuna ŞT ölkələri tərəfindən sədrlik etməyə iddialı idi. Bu isə heç bir halda Azərbaycanın maraqlarına cavab vermirdi. Biz buna imkan verə bilməzdik.

Prosedur Qaydaları üzrə işçi qrupuna sədrliklə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Ermənistan tərəfi də öz məqsədinə nail olmaq üçün təklif vermişdi. Biz bu təklifləri təhlil etdik. Ermənistanın bu qrupa ŞT ölkələri tərəfindən təkbaşına həmsədrliyinin qarşısını alacaq təkilf irəli sürdük. Bizim ciddi səylərimiz nəticəsində Azərbaycanın nümayəndəsi Ermənistan nümayəndəsi ilə birgə həmsədr təyin edildi. Bu, bizim Avronest PA-da ciddi uğurumuz oldu.

Bundan əlavə, Ermənistan tərəfi Avronest PA-nın ilk sessiyasının 2011-ci ilin sentyabrında Yerevanda keçirilməsi təklifi ilə çıxış etmişdi. Erməni nümayəndə heyəti bu sessiyanın Ermənistanın dövlət müstəqilliyinin 20 illiyinə həsr edilmiş tədbirlər günü Yerevanda baş tutmasını istəyirdi.

Bizim səylərimiz nəticəsiz qalmadı və Ermənistanın bu təklifinin də qarşısını müvəffəqiyyətlə aldıq. Nəticədə Ermənistanın təklifi müzakirələrə çıxarılmadı. Avronest PA-nın ilk sessiyası isə 2011-ci ilin 14-15 sentyabr tarixlərində Strasburqda keçirildi.

Yeri gəlmişkən deyim ki, bu sessiyanın əsas məqsədlərindən biri 2011-ci ilin sonlarında keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığının Varşava Sammiti üçün tövsiyələrdən ibarət yekun sənədin qəbul edilməsindən ibarət idi. Lakin Ermənistan nümayəndə heyətinin destruktiv fəaliyyəti nəticəsində sessiyada bu yekun sənəd qəbul edilmədi.

Ermənistan nümayəndə heyəti yekun sənəddə Şərq Tərəfdaşlığı ölkələrində mövcud olan münaqişələrin həlli ilə bağlı BMT, AŞ PA, Avropa Parlamenti kimi beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməsinə dair müddəanın öz əksini tapmasına qarşı çıxdı. Bundan əlavə, onlar sənəddə Şərq Tərəfdaşlığı ölkələrinin suverenlik, ərazi bütövlüyü və sərhədlərinin dəstəklənməsi prinsiplərinin göstərilməsinə qəti etiraz etdilər.

Lakin Azərbaycan nümayəndə heyəti komitə iclası zamanı Ermənistanın təkliflərinin qarşısının alınmasına nail oldu. Siyasi məğlubiyyətə uğradığını bağa düşən Ermənistan nümayəndə heyəti daha da aqressiv mövqe nümayiş etdirdi və son variant kimi veto hüququndan istifadə etdi.

Bundan əlavə, bildirməliyəm ki, biz Avronest PA-nın növbəti sessiyalarından birinin Bakıda keçirilməsi təklifi ilə çıxış etdik. Avronest PA-nın 2-ci sessiyasının 2012-ci ilin aprel ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilməsinə nail olduq. Onu da deyim ki, bu, qurumun Avropa İttifaqının hüdudlarından kənarda keçiriləcək ilk sessiyası olacaq. Həmin sessiyanın keçirilməsi üçün Azərbaycanın seçilməsi siyasi baxımdan ciddi nailiyyətdir.

- Avronest PA-da Dağlıq Qarabağ problemi ilə bağlı məsələnin müzakirə edilməsi mümkündürmü?

- Avronest PA Avropa təsisatı kimi Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırmaq üçün yeni bir tribunadır. Bundan əlavə, bu qurum həm də ölkəmiz üçün maraq kəsb edən məsələlərin beynəlxalq səviyyədə müzakirə edilməsi üçün imkanlar açır. Bu məsələlərdən ən önəmlisi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, işğal nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçın və məcburi köçkünə çevrilməsi məsələləridir.

Qeyd edim ki, Avronest PA-nın sənədlərində Şərq Tərəfdaşlığı ölkələri ərazisində mövcud olan münaqişələrlə bağlı müzakirələr keçirilməsi, müvafiq qərar və qətnamələrin qəbul edilməsi barədə müddəa var. Sözsüz ki, biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair qərar və qətnamələrin qəbul edilməsinə nail olmağa çalışacağıq.

- Qeyd etdiniz ki, bu ilin aprel ayında Avronest PA-nın növbəti sessiyası Bakıda keçiriləcək. Sessiyaya hazırlıq necə gedir, sessiya zamanı hansı məsələlər müzakirə ediləcək?

- Bakı sessiyasının proqramı üzərində işlər davam edir. O, hələlik tam hazır deyil. Amma bir sıra məsələlər haqqında artıq dəqiq məlumat verə bilərəm.

Sessiya çərçivəsində Büro və komitələrin iclasları, daha sonra PA-nın Plenar iclası keçiriləcək. Ölkəmiz sessiyanın yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilati işləri həyata keçirir. Hazırlıqla tanış olmaq məqsədilə artıq fevralın 1-4-də Avropa Parlamentinin nümayəndə heyəti Bakıya gələcək.

Sessiyada müzakirə ediləcək məsələlərə gəldikdə isə bildirməliyəm ki, 4 komitə üzrə hazırlanacaq məruzələrin mövzuları müəyyənləşib. Məruzələr üzrə həmməruzəçilər təyin edilib.

Azərbaycan nümayəndələri Siyasi məsələlər və Enerji təhlükəsizliyi komitələri üzrə məruzələrə həmməruzəçi təyin ediliblər. Belə ki, Siyasi məsələlər komitəsi üzrə məruzəyə millət vəkili Əli Hüseynli və Avropa Parlamentinin almaniyalı deputatı, Sosialist Partiyasının üzvü Knut Flekenştayn, Enerji Təhlükəsizliyi Komitəsi üzrə isə millət vəkili Rasim Musabəyov və Avropa Parlamentinin litvalı deputatı, Xalq Partiyasının üzvü Algirdas Saudargas həmməruzəçi təyin ediliblər. Qeyd edim ki, bu komitələr əhəmiyyətinə görə ən vacib komitələr hesab edilir.

Siyasi Komitədə Şərq Tərəfdaşları və Avropa İttifaqı ölkələrində demokratiyanın gələcəyi, eləcə də azad və müstəqil media ilə bağlı çağırışlar mövzusunda məruzə hazırlanır. Enerji Təhlükəsizliyi Komitəsində isə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində enerji təhlükəsizliyi, bərpa edilən enerji, enerji səmərəliliyi, enerji infrastrukturu mövzusunda məruzə hazırlanır. Hər iki komitə üzrə məruzələrin layihələri hazırdır.

Siyasi Komitənin iclasında eyni zamanda 2012-2013-cü illər üçün fəaliyyətinin planlaşdırılması və hazırlanması müzakirə ediləcək. Bundan başqa həmin iclasda aşağıdakı təqdimatlar olacaqdır:

Avropanın Qlobal Hərəkat adlı beyin mərkəzinin bir araşdırmaçısının Şərqi Avropa Tərəfdaş dövlətlərində demokratikləşmə meylləri və çağırışları və Aİ-nin bu regionda siyasətinin inkişafı mövzusunda təqdimatı olacaqdır.

Avropa Xarici Fəaliyyət Xidmətinin əməkdaşı cənab Tibbels 2012-2013-cü illər üçün Demokratiya, Yaxşı İdarəçilik və Stabillik Platformasına dair təqdimatı olacaqdır.

ATƏT-in Seçkilər şöbəsinin rəhbəri ATƏT-in Şərq Tərəfdaş dövlətlərdə 2012-ci il seçki müşahidəsi fəaliyyətinə dair təqdimat edəcəkdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Enerji Təhlükəsizliyi Komitəsinin iclasında həmməruzəçilərin hazırladıqları məruzələrin təqdimatından əlavə Finlandiyanın Pan-Avropa İnstitutunun əməkdaşı Şərq Tərəfdaş ölkələrdə və Avropa İttifaqında enerjinin vəziyyəti barədə mövzunu təqdim edəcəkdir.

Onu da deyim ki, İqtisadi İnteqrasiya Komitəsi üzrə ticarət razılaşması, azad ticarət zonaları və bu sahədə Avropa İttifaqının yardımı üzrə mövzularda məruzə hazırlanır. Bu komitə üzrə həmməruzəçilər ukraynalı deputat Vladimir Veçerko və Avropa Parlamentinin polşalı deputatı, Xalq Partiyasının üzvü Pavel Zalevskidir. Sosial məsələlər komitəsi üzrə isə məruzə Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq məsələsinə həsr olunacaq. Bu komitə üzrə həmməruzəçilər ermənistanlı Artak Zəkəryan və Avropa Parlamentinin bolqarıstanlı deputatı, Sosialistlər Partiyasının üzvü İliyana Yotovadır.

Avronest PA-nın Bakı sessiyasına hazırlıq məqsədilə yanvar ayının sonlarında bütün komitələrin və Prosedur Qaydaları üzrə işçi qrupunun iclasları keçiriləcək. Komitə iclaslarında hazırlanmış məruzələrin təqdimatı olacaq. Siyasi Komitənin, Enerji Təhlükəsizliyi Komitəsinin, İqtisadi İnteqrasiya Komitəsinin və Prosedur Qaydaları üzrə işçi qrupunun iclasları 23-31 yanvar tarixlərində Brüsseldə, Sosial Komitənin iclası isə Yerevanda keçiriləcək. Azərbaycan nümayəndə heyətinin müvafiq komitələrdəki üzvləri tam tərkibdə qeyd edilən iclaslarda iştirak edəcəklər.

İqtisadi İnteqrasiya Komitəsinin iclasında Avropa İttifaqının ticarət üzrə komissarı Karl De Quçun və nəqliyyat üzrə komissarı Sim Kallasın çıxışları gözlənilir. Komitə iclasında Aİ-nin iqtisadiyyat sahəsindəki qanunvericiliyi ilə Tərəfdaş Dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması üzrə fikir mübadiləsi olacaq. Aİ-nin Tərəfdaş Dövlətlərlə bağlı ticarət siyasəti müzakirə ediləcək. Digər tərəfdən, Aİ və Qonşularının nəqliyyat sahəsində əməkdaşlığı, Aİ ilə Tərəfdaş Dövlətlər arasında mülki aviasiya sahəsində texniki prosedurlar üzrə fikir mübadiləsi aparılacaq.

Eyni zamanda, vurğulamaq istəyirəm ki, Prosedur Qaydaları üzrə işçi qrupunun yanvarın 25-də Brüsseldə keçiriləcək iclası bizim üçün xüsusi önəm kəsb edir. Belə ki, Ermənistan tərəfi Avronest PA-nın Prosedur Qaydalarının dəyişdirilməsinə və özlərinə daha uyğun maddələrin daxil edilməsinə çalışırlar. Prosedur Qaydalarında bizimlə ermənilər arasında bir çox mübahisəli məqamlar var. Məsələn, burada həyati əhəmiyyət kəsb edən məsələlərdə veto qoymaq hüququ məsələsi bizimlə Ermənistan arasında əsas mübahisə mövzusudur. Artıq bütün Tərəfdaş Dövlətlər, o cümlədən Azərbaycan öz təkliflərini katibliyə göndəriblər. Yanvardakı iclasda həmin təkliflər bir-bir müzakirə ediləcək. Həmin iclasda Aralıq Dənizi üzrə Parlament Assambleyasının Prosedur Qaydalarına dair işçi qrupunun sədri Gianni Pittellanın çıxışı olacaq. Ölkəmizi iclasda millət vəkili Rövşən Rzayev təmsil edəcək.

Prosedur qaydalarına görə daha sonra komitələr üzrə hazırlanmış məruzələrə əlavələr və təkliflər irəli sürüləcək. Bu məruzələrin son variantının aprel sessiyası zamanı müzakirəsi aparılacaq və müvafiq qərarlar qəbul ediləcək.

Bir daha qeyd etmək istərdim ki, Avronest PA-nın Bakı sessiyası qurumun Avropa İttifaqından kənarda keçirəcəyi ilk sessiyadır. Bu sessiya özünün siyasi əhəmiyyətindən başqa, həm də qurumun digər ölkələrdə keçirəcəyi gələcək sessiyalar üçün təcrübə rolunu oynayacaq. Odur ki, biz bu sessiyanın ən yüksək səviyyədə keçirilməsinə çalışacağıq.

Xəbər lenti

Xəbər lenti