...

Azərbaycan nümayəndə heyəti ABŞ-da səfərdə olub (FOTO)

Siyasət Materials 22 Fevral 2012 15:34 (UTC +04:00)
Azərbaycan-Türkiyə nümayəndə heyətinin ABŞ-ın Missisipi ştatınının Senatında, Nümayəndələr Palatasında keçirilən görüşləri zamanı Azərbaycanla bağlı qətnamələr qəbul olunub.
Azərbaycan nümayəndə heyəti ABŞ-da səfərdə olub (FOTO)

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan-Türkiyə nümayəndə heyətinin ABŞ-ın Missisipi ştatınının Senatında, Nümayəndələr Palatasında keçirilən görüşləri zamanı Azərbaycanla bağlı qətnamələr qəbul olunub. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan nümayəndə heyətindən bildiriblər.

Səfər çərçivəsində Missisipi Senatında keçirilmiş görüşdə çıxış edən Milli Məclisin üzvü Asim Mollazadə Azərbaycanın regionda ABŞ-ın strateji müttəfiqlərindən olduğunu nəzərə çatdırıb, ölkələr arasında ikitərəfli münasibətlərin qarşıdakı mərhələdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Senator Con Horn isə görüşdə ABŞ-Azərbaycan münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, Missisipi ştatı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bu əlaqələrin daha da genişlənəcəyinə yeni təkan verəcəyinə əminliyini ifadə edib. Dinləmələrdən sonra Missisipi Senatında Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətləri dəstəkləyən 561 nömrəli qətnamə qəbul olunub.

Daha sonra Missisipi ştatının Nümayəndələr Palatasında keçirilən görüşdə Asim Mollazadə çıxış edərək Ermənistanın Azərbaycana hərbi təcavüzü məsələsi ilə bağlı bildirib ki, bu günlərdə Azərbaycanın hər yerində Xocalı faciəsinin 20 illiyi böyük hüznlə anılır. "Xocalıya ədalət" şüarını səsləndirən millət vəkilinin çıxışı konqresmenlər tərəfindən ayaq üstə böyük bir coşqu ilə alqışlanıb. Missisipi Nümayəndələr Palatasında Azərbaycan ilə bağlı 38 nömrəli qətnamə qəbul olunub.

Azərbaycan nümayəndə heyətinin Missisipi ştatının dövlət katibi Delbert Hausman və qubertanoru Tat Rivis ilə görüşlərində də ikitərəfli münasibətlər müzakirə olunub.

Səfər çərçivəsində ABŞ-ın dövlət rəsmilərinin, Missisipi ştatı dövlət katibinin, senatorların və Nümayəndələr Palatası üzvlərinin iştirakı ilə Türkiyə-Azərbaycan və Missisipi biznes sammiti də keçirilib. Sammitdə konqresmen Qreq Harper və dövlət katibi Delbert Hausman çıxış edərək, Azərbaycan-Türkiyə-ABŞ münasibətlərinin sürətlə inkişaf etməsinin böyük sevinc hissi ilə qarşılandığını bildiriblər.

Sammitdə çıxış edən ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov bildirib ki, Azərbaycan mühüm neft ixracatçısı olmaqla yanaşı, son illərdə etibarlı qaz ixracatçısına çevrilib.

Azərbaycan nümayəndə heyətinə millət vəkillərindən Asim Mollazadə və Sevinc Fətəliyeva, ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov daxil olub.

Xəbər lenti

Xəbər lenti