...

Naxçıvanda Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir

Siyasət Materials 7 Mart 2012 14:08 (UTC +04:00)
Bu gün Naxçıvanda Azərbaycan, Türkiyə və İranın XİN rəhbərləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin üçtərəfli görüşü keçirilir.
Naxçıvanda Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir

Azərbaycan, Bakı, 7 mart / Trend, müxbir E.Hüseynov /

Bu gün Naxçıvanda Azərbaycan, Türkiyə və İranın XİN rəhbərləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin üçtərəfli görüşü keçirilir. Bu barədə Trend-in Naxçıvana ezam olunan əməkdaşı məlumat verib. Görüş qapalı keçirilir.

Görüşdə hər üç dövlət üçün qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən regiondakı cari münaqişələrin dinc yolla nizamlanması, bu məqsədlərə çatmaq üçün əlverişli şəraitin yaradılmasının zəruriliyi müzakirə olunacaq. Nazirlər, habelə regionda sülhün və çiçəklənmənin bərqərar olması ilə bağlı birgə layihələrin reallaşdırılması məqsədilə də danışıqlar aparmaq niyyətindədirlər.

Gözlənildiyi kimi, görüşdə Cənubi Qafqazdakı cari vəziyyət ön plana çıxarılacaq. Üç dövlətin xarici işlər nazirləri iqtisadi artım və davamlı inkişaf hesabına əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə etmək niyyətindədirlər. Bundan başqa, Azərbaycan, Türkiyə və İran terrorizmlə, mütəşəkkil cinayətkarlıqla və insan, narkotik və silah alveri ilə mübarizə sahəsində əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.

Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüşünün formatı regional məsələlərin müzakirəsi, regionda əməkdaşlığın cari məsələləri üzrə fikir mübadiləsi baxımından əhəmiyyətlidir. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov nazirlərin martın 7-də Naxçıvanda keçiriləcək görüşünü şərh edərkən deyib.

"Biz belə görüşləri ildə iki dəfə keçirmək barədə razılığa gəldik, Naxçıvandan sonra növbəti görüş Türkiyədə baş tutacaq", - Məmmədyarov deyib.

İlk görüş İranın Urmiya şəhərində keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti