...

İrana gedən "yol" Suriya və Livandan keçir

Siyasət Materials 12 Mart 2012 15:54 (UTC +04:00)

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Suriyada baş verən hadisələrin fonunda İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirmək məsələsi də gündəmə gəldi. İsrail rəsmiləri dəfələrlə İranın ünvanına hədələr səsləndirsələr də, daha sonra İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatlara səfəri zamanı verdiyi açıqlamada ölkəsinin yaxın günlərdə İranın nüvə obyektlərinə zərbələr endirmək niyyətində olmadığını bildirdi, lakin gələcəkdə belə ehtimalın olmasını istisna etmədi.

İranın nüvə proqramından narahatlığını gizlətməyən Netanyahu onu da qeyd etdi ki, Tehranın nüvə proqramı ilə bağlı münaqişəli vəziyyətin diplomatik həlli yollarının potensialı hələ tükənməyib və Təl-Əviv hələ ki İrana qarşı iqtisadi sanksiyaların effektiv olacağına inanır.

İsrail-İran gərginliyinin fonunda Baş nazir Netanyahunun sanksiyaların effektiv olacağı barədə söylədikləri bir o qədər də inandırıcı olmasa da, İsrail rəsmiləri yaxşı başa düşürlər ki, hazırda İrana hər hansı bir müdaxilə yəhudi dövləti üçün real təhlükə ola bilər.

Təbii ki, bir o qədər də uzaq olmayan tarixə nəzər salsaq, bu iki dövlətin bundan əvvəl də Livan ərazisində müharibə apardığının şahidi olarıq. Ən son toqquşmaya bariz nümunə isə 2006-cı ildə Livan ərazisindəki "33 günlük" müharibədir.

İsrail "33 günlük" müharibədə qalib gəldiyini iddia etsə də, müharibədə real qalib İranın simasında "Hizbullah"dır.

Məhz Livanda "Hizbullah"ın mövcudluğu hazırda İsrail dövlətini İrana qarşı real addımlar atmaqdan çəkindirir. Çünki yəhudi dövlətinin İslam Respublikasına hər hansı müdaxiləsi "Hizbullah" tərəfindən reaksiyasız qalmayacaq. Bunu həm İran, həm də İsrail rəsmiləri gözəl anlayır. Regionun ərəb dövlətləri və İsrailin ortaq düşmənləri olan İrana və onun regiondakı müttəfiqlərinə qarşı birgə mübarizə aparacaqları da istisna edilmir.

İsrail üçün real təhlükə qaynağının qarşısını almaq üçün ən yaxşı vasitə isə "Hizbullah" və Tehran arasında vasitəçi olan Suriya hakimiyyətinin dəyişməsidir. Bu isə bir o qədər də asan deyil.

Əslində, İranın regionda yürütdüyü siyasətdən sadəcə İsrail və Birləşmiş Ştatlar deyil, eyni zamanda, hələ ki Tehrana qarşı səssiz diplomatiya yürüdən regionun ərəb dövlətləri - Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən Türkiyə də narahatdırlar.

Bu dövlətlər hər nə qədər regionda baş verən hadisələrdə öz maraqlarını güdsələr də, sonda Suriya və dolayısı ilə İrana qarşı səssiz diplomatiyanı pozmaq və birgə fəaliyyət göstərmək məcburiyyətində qalacaqlar.

Hazırda Suriyada baş verənlərin qarşısını almaq üçün ölkəyə hərbi müdaxilə yolu gündəmdə olsa da, çətin ki bu mümkün olsun.

Problemin həlli üçün ən ideal vasitə heç şübhəsiz ki, Bəşşar Əsəd hakimiyyətinə qarşı mübarizə aparan "Azad Suriya" ordusunun silahlandırılması və Suriyanın iqtisadi baxımdan zəifləməsidir. Çünki hər iki variant, xüsusən də iqtisadi embarqolar öz bəhrəsini verməkdədir. Belə ki, artıq bir ilə yaxın davam edən daxili toqquşmalar nəticəsində Suriya lirəsi 55 faiz devalvasiyaya uğryıb. Ən ciddi zərbə isə ölkənin neft və turizm sektoruna dəyib.

Təbii ki, iqtisadi sanksiyaların gətirdiyi böhran nəticəsində Suriya rejiminin sona qədər davam gətirəcəyi inandırıcı olmasa da, İranın da Əsəd rejiminin süqutu qarşısında səssiz qalacağını düşünmək doğru deyil. Məhz bu səbəbdən də böyük ehtimalla İran uzaqgörən siyasəti nəticəsində hadisələri qabaqlayacaq və ərəblərə qarşı Bəhreyn, İsrailə qarşı isə "Hizbullah" kartından faydalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti