...

Rusiya erməni lobbisini Türkiyə ilə münasibətlər sisteminə daxil etməklə özü üçün risk dərəcəsini artırır

Siyasət Materials 27 Mart 2012 12:27 (UTC +04:00)
Rusiya erməni lobbisini Türkiyə ilə münasibətlər sisteminə daxil etməklə özü üçün risk dərəcəsini artırır
Rusiya erməni lobbisini Türkiyə ilə münasibətlər sisteminə daxil etməklə özü üçün risk dərəcəsini artırır

Mübariz Əhmədoğlu, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq

Rusiya Strateji Tədqiqatlar İnstitutu "Rus-erməni birliyi" təşkilatı ilə "Yaxın Şərqdə və postsovet məkanında Türkiyə faktoru" adlı dəyirmi masa keçirdi. Dəyirmi masanın iştirakçıları, məruzələrin məzmunu bu tədbirin erməni sifarişi olduğunu deməyə tam əsas yaradır. RF Prezident Administrasiyasının rəsmi kurasiyasında olan Rusiya Strateji Tədqiqatlar İnstitutu (RSTİ) ermənilərin sifarişini yerinə yetirməklə yanaşı, Moskvadakı ermənipərəst qüvvələrin müasir mərhələdə təmərküzləşməsi istiqamətində də mühüm addım atdı. Belə ki, həmin tədbirdə müxtəlif millətlərin təmsilçiləri və müxtəlif ideyaların daşıyıcısı olan ermənipərəstlər toplaşmışdılar. Tədbirin əsas leytmotivi Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaqla Şimali Qafqazın da daxil olduğu böyük bir arealda gərginlik zonasını açıq qarşıdurma zonasına çevirmək istiqamətində əməli fəaliyyətə başlamaqdır. Dəyirmi masanın təşkilatçıları, eləcə də RSTİ-nin rəhbərliyi dəyirmi masada çıxış edən məruzəçilərdən və ya diskussiya iştirakçılarından hansısa birinin Türkiyəyə, eləcə də Türkiyə-Rusiya münasibətlərinə dair obyektiv mövqeyini tapıb ortalığa qoya bilməzlər.

RF üçün rəsmi struktur sayılan RSTİ-nin "Dağlıq Qarabağ Respublikası" termininə qucaq açması isə hədəfdə təkcə Türkiyənin deyil, həm də Azərbaycanın olduğunu göstərir. Tədbir iştirakçılarının ad və soyadları içərisində Azərbaycanın daxilində separatizmə və destruktizmə dəstək verən kifayət qədər tanınmış soyadlar görmək olar. Söhbət təkcə erməni soyadlarından getmir. Y.Amelina Azərbaycanda təkcə ermənilərin deyil, digər etnik qrupların məsələlərini qaldırmışdır. F.Abbaszadə kimi İranın və Ermənistanın təsirində olan şəxslər Moskvada yaşayan talışları İranın maraqlarına uyğun antirusiya, antiazərbaycan fəaliyyətə cəlb etməklə məşğuldurlar. Yaxınlarda erməni lobbisinin müəyyən qrup talışları da cəlb etməklə həm Moskvada, həm də Şimali Qafqazdakı birgə antirusiya fəaliyyətləri üzə çıxacaqdır, çünki bu fəaliyyətlər elə nümayiş üçün təşkil olunmuşdur. Rusiya xüsusi xidmət orqanları həmin hadisələrin miqyasını azalda bilərlər, amma qarşısını ala bilməyəcəklər. Ən azı, Moskvadakı orta səviyyəli ermənilərin dövlət strukturu olan RSTİ-nin dövlətçilik mövqeyindən uzaqlaşdıra bilmələri bunu deməyə əsas yaradır.

Rusiya-Türkiyə münasibətlərində problemlər var və bu, əsasən RƏMS (Raket Əleyhinə Müdafiə Sistemləri) məsələsinə aiddir. Suriya məsələsindəki fikir ayrılığını müvəqqəti hesab etmək olar. RƏMS-lərin Türkiyə ərazisində yerləşdirilməsinə Rusiyanın ardıcıl, sərt mövqeyi şübhə yaradır: Rusiya haçansa Türkiyəyə tərəf raket tuşlamaq fikrində imiş və Türkiyə qabaqlayıcı addım atdığı üçün Rusiyanın acığı tutmuşdur. Avropada, o cümlədən az sonra Türkiyədə RƏMS-in yerləşdirilməsinin yalnız bir səbəbi bəyan edilmişdir - İran. RƏMS məsələsində ABŞ-ın mövqeyinin Rusiyaya tərəf çevrilməsindən Rusiya uğurla istifadə edə bilmədi, normal məzmunlu danışıqlar aparılmadı, əksinə, ABŞ RƏMS-lə bağlı mövqeyini Rusiyanın maraqlarını nəzərə almaqla dəyişməsindən narahatlıq keçirdi. RF belə narahatçılığa əsas yaratdı. Rusiya həmin dövrdə İranın raket texnologiyasına qarşı münasibətini dəyişdirmədi, daha da sərtləşdirdi. RƏMS məsələsi Rusiya-Türkiyə münasibətlərində gərginlik yaradan əsas məsələdir və birmənalı şəkildə günahı təkcə Türkiyənin üzərində qoymaq düzgün deyildir. Lakin Rusiya-Türkiyə münasibətlərində hədsiz çox müsbət tərəflər var: ikitərəfli münasibətlərdə artan iqtisadi göstəricilər, inkişaf edən humanitar əlaqələr, energetika sahəsindəki müsbət tendensiya hər iki dövlət üçün çox böyük nemətdir. NATO RƏMS-ni öz ərazisində yerləşdirən Türkiyə eyni zamanda Qara dənizdəki sularında Rusiyaya qaz kəmərinin çəkilməsinə icazə verdi. Türkiyə-Rusiya münasibətləri Sovetlər İttifaqı dağıldıqdan sonra Rusiyanın ən az mübahisə doğuran, faydalı istiqamətidir. ABŞ və Qərbin siyasətindən inciklik bu iki dövləti, az qala, strateji müttəfiqə çevirir. Məhz belə bir vaxtda erməni lobbisi Moskvada dövlət strukturunu ələ almaqla Rusiya dövlətçiliyi əleyhinə aşkar addımlar atırlar.

Şimali Qafqazda bu gün vəziyyət məhz ona görə sabitdir ki, Türkiyə belə istəyir; Şimali Qafqaza çərkəzlərin köçü ona görə başlamayıb ki, Türkiyə bunu arzulamayıb; Sürix protokollarının nəticəsi olaraq Ermənistan ona görə Türkiyənin təsir zonasında düşmədi ki, Azərbaycan belə istədi. Bu üç addımın üçü də sırf Rusiyanın strateji maraqlarına cavab verən addımlardır. Ola bilər, məhz buna görə RSTİ Azərbaycanı və Türkiyəni cəzalandırmaq niyyətinə düşsün.

V.Putinin prezident seçilməsindən sonra dünyanın əksər yerlərində olduğu kimi, Türkiyə və Azərbaycanda da Putinin yeni prezidentlik dövrünün əlamətlərini həssaslıqla axtarırlar. Bu addımları da Putinin prezidentliyinin əlamətləri sırasına aid edənlər tapılacaqdır, çünki son 20 ildə Türkiyədə rusiyapərəst qüvvələr yarandığı kimi, antirusiya qüvvələr də xeyli güclənmişdir. RSTİ Türkiyədəki antirusiyaçılara, eləcə də Qərbdə Rusiya-Türkiyə dostluğundan narahatlıq keçirən qüvvələrə ciddi dəstək verdi.

Rusiyanın digər MDB dövlətlərinə təzyiq etməyə başlamasını görərək belə bir təzyiqdən Azərbaycanın ehtiyatlandığı bir vaxtda RF-nin rəsmi sturukturu Azərbaycanda da narahatlığı artırdı. Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin mühüm perspektivləri vardır. İkitərəfli sağlam münasibətlər nəticəsində Rusiyanın təsir zonası RF-nin indiki sərhəddindən təxminən 500 km şərqə doğru irəliləyə bilər. Hər halda, belə ideya paketləri hazırdır və Putinin kresloya oturması gözlənilir. Bütün bunların üzərinə şübhə kölgəsi salındı, çünki belə fəaliyyətlər Rusiya dövlətçilik ideyalarına deyil, ermənilərin maraqlarına xidmət edir.

Erməni lobbisi eyni vaxtda həm İranın, həm Türkiyənin, həm də Qərbin maraqlarına xidmət etməyə hazırdır. RF strateqləri Ermənistanın Rusiyaya tərəf strateji müttəfiqliyinin real məzmununun nədən ibarət olduğunu deyə bilməzlər. Rusiyanın Ermənistandakı hərbi bazası Rusiyaya yox, Ermənistana lazımdır. Ermənistan bu hərbi bazanın mövcudluğundan istifadə edərək, qonşularını Rusiyanın adı ilə hədələyir və onları Rusiyadan uzaqlaşdırmaqla məşğul olur. KTMT ilə münasibətlərini ideallaşdıran Ermənistan Gömrük İttifaqına və ya RF-nin digər inteqrativ layihələrinə daxil olmaq istəmir. Səbəb kimi coğrafi əlaqənin olmamasını göstərir. Coğrafi əlaqəsinin olmaması isə Ermənistana KTMT ilə əlaqələrini ideallaşdırmağa, bu təşkilatın adından istifadə edərək regiondakı dövlətlərə hədə gəlməyə heç bir maneçilik törətmir.

Hər halda, bu tədbirin keçirilməsi Rusiyanın Türkiyə və Azərbaycanla münasibətlərində daha çox sualların yaranmasına gətirib çıxardı. Azərbaycanda bu sualların cavablarını daha həssaslıqla gözləyirlər.

Xəbər lenti

Xəbər lenti