Azərbaycan, Bakı, 30 mart /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Almazbek Atambayevin cümə günü mətbuat konfransı olub.
Prezident İlham Əliyev deyib ki, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin ilk rəsmi səfərlərindən birini məhz Azərbaycana etməsi dostluq və qardaşlığın göstəricisidir. Bu səfərin ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacağını vurğulayan dövlətimizin başçısı xalqlarımızın tarixi dostluğundan danışıb.
"İndi müstəqil dövlətlər kimi əcdadlarımızın ənənəsinə sadiqik", - deyən Azərbaycan Prezidenti hazırda ikitərəfli münasibətlərin inkişafında dinamikanın müşahidə olunduğunu qeyd edib.
Prezident Almazbek Atambayev ilə bundan əvvəlki görüşünü xatırladan Prezident İlham Əliyev bunun münasibətlərin inkişafındakı rolunu vurğulayıb.
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında humanitar sahədə əməkdaşlığın vacibliyindən danışan dövlətimizin başçısı ölkələrimiz arasındakı əlaqələrin tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə geniş imkanların olduğunu deyib.
İki ölkə arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayan Azərbaycan Prezidenti qeyd edib ki, bu sənədlərin sayı son 20 ildə iki ölkə arasında imzalanan sənədlərin sayından çoxdur.
"Ümid edirəm ki, bizim əlaqələrin gələcəyi böyükdür", - deyən Prezident İlham Əliyev ölkələrimiz arasında regional və ikitərəfli məsələlərdə fəal əməkdaşlığın qurulduğunu vurğulayıb.
"Biz Türk xalqlarının birliyinin gələcəkdə daha da möhkəmlənməsi təşəbbüslərini dəstəkləyirik", - deyən dövlətimizin başçısı Prezident Almazbek Atambayevin bu sahədəki rolunu vurğulayıb.
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev isə dövlət başçısı kimi son 20 ildə Azərbaycana ilk rəsmi səfər etməkdən fəxr hissi duyduğunu qeyd edib. Ali qonaq imzalanan sənədlərin ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına töhfə verəcəyini bildirib.
"Bizim ümumi tariximiz vardır", - deyən Prezident Almazbek Atambayev türkdilli ölkələrin birliyindən danışıb. Qırğız Respublikasının Prezidenti Azərbaycan ilə əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Paytaxtımızın gözəlləşdiyini qeyd edən Prezident Almazbek Atambayev deyib ki, Bakıya qibtə etmək lazımdır. Biz buradan çox şey öyrənməliyik.
Qırğız Respublikasının Prezidenti Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində qalib gəlməsindən məmnun olduğunu da bildirib.
Azərbaycanın prezidentlər sarıdan bəxtinin gətirdiyini deyən Almazbek Atambayev ölkəmizin inkişafında ulu öndər Heydər Əliyevin fəaliyyətini xatırlayıb, bu siyasətin bu gün uğurla davam etdirildiyini deyib.
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.